AB Rusiyaya sanksiya tətbiqinə başladı

İllüstrativ foto

Rəsmilər sırasında Federal Təhlükəsizlik Xidmətinin (FSB) başçısı Aleksandr Bortnikov, müdafiə nazirinin iki müavini var

Avropa Birliyi və Britaniya Rusiyanın altı aparıcı rəsmisinin və bir qurumunun aktivlərini dondurub, səyahət qadağası tətbiq edib. Sanksiyalar avqustda rusiyalı müxalifətçi Aleksey Navalnıya sovet istehsalı olan kimyəvi qazla “sui-qəsd” cəhdinə görə qoyulub.

Rəsmilər sırasında Federal Təhlükəsizlik Xidmətinin (FSB) başçısı Aleksandr Bortnikov, müdafiə nazirinin iki müavini var. Üzvi Kimya və Texnologiya Dövlət Tədqiqat İnstitutu da sanksiya siyahısındadır.

2018-ci ildə Britaniyada rusiyalı keçmiş casus zəhərlənəndən AB-nin sanksiyaya əl atması təxminən bir il çəkmişdi.

Almaniya və Fransa Rusiyanı Navalnının zəhərlənməsinə tam araşdırmamaqda ittiham edir. Kreml isə cinayət işi açılması üçün yetərincə dəlil olmadığını deyirdi.

Bundan başqa AB Kremlə bağlı biznesmen, “Putinin aşpazı” ləqəbli Yevgeni Priqojinə də Rusiyanın Liviyadakı vətəndaş müharibəsində roluna görə sanksiya açıqlayıb. Onun da hesabları dondurulub, səyahət qadağası qoyulub.

Priqojinin Vaqner qrupu Rusiyanın Liviya, Suriya cə Afrikada hərbi podratçısıdır.

Daha öncə Birləşmiş Ştatlar Priqojinə 2016-cı ildə ABŞ-da president seçkisinə müdaxilə cəhdinə görə sanksiya açıqlamışdı. Onun şirkəti Kremli ərzaqla təchiz etdiyinə görə “Putinin aşpazı” ləqəbini qazanıb.