Növbə 50 yaşlılara da çatır

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycanda vurulan vaksin haqda Qərb mətbuatı bunları yazır

Fevralın 17-dən 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası nəzərdə tutulur.

Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin fevralın 16-da yaydığı məlumatda bildirilir.

Qurumlar peyvəndləmə ilə bağlı növbə götürmək qaydasını da izah edirlər: "Sözügedən şəxslər randevu.its.gov.az saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir. Bunun üçün "COVID-19 vaksin randevu" elektron xidmətində vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib "Yoxla" düyməsinə basmalıdır. Bundan sonra vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib mobil nömrəsini daxil etməlidir".

Açıqlamaya görə, qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir: "Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir".

Məlumata görə, peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur.

Vaksinasiyanın əvvəlcədən açıqlanan müddəti...

Ölkədə vaksinasiya prosesinə yanvarın 18-dən başlanıb. İlk mərhələdə səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər və hüquq-mühafizə orqanlarının əks-epidemik tədbirlərə cəlb etdiyi heyət peyvənd olunur.

Azərbaycanın Çinin "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş edildiyi açıqlanıb. (2 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var) Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib.

Vaksinasiyasının ikinci mərhələsinin fevralın 1-dən başlanacağı açıqlanmışdı. Amma sonradan proses uzandı. İkinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupunda yer alanlara, 50 yaş, daha yuxarı ən az bir xroniki xəstəliyi olanlara, təhsil və bir sıra xidmət sahələrində çalışanlara üstünlük tanınmalıdır.

Rəsmi qurumların bildirməsinə görə, ölkəyə daha 2 milyon əhali üçün də vaksin gətirilə bilər. Bəzi ekspertlər bu sayı belə yetərli saymırlar.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.4 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyədək ümumilikdə 232 min 197 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 3 min 183 nəfərin vəfat etdiyi açıqlanıb.