31 mart hadisələrindən 105 il keçir

Sizin brauzer HTML5-i dəstəkləmir

50 min rubl tarix bağışladı

105 il əvvəl, 1918-ci il martın 30-dan aprelin 2-nə kimi (ən çox da martın 31-də) daşnak-bolşevik hərbi birləşmələrinin Bakıda minlərlə insanı qətlə yetirdiyi bildirilir.

Azərbaycan tarixçilərinin yazmasına görə, həmin vaxt Bakıda memarlıq abidəsi "İsmailiyyə" binası yandırılıb.

Yerli əhaliyə qarşı hücumların Şamaxı, Quba və daha bir sıra bölgələrdə də davam etdiyi yazılır.

Həmin vaxt Bakı Sovetinin rəhbəri olan Stepan Şaumyan isə bu hadisələri bolşeviklərlə Müsavat başda olmaqla millətçi qüvvələr arasındakı vətəndaş müharibəsi kimi təqdim etmişdi.

Bu hadisələrdən iki ay sonra yaradılan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) də ona xüsusi diqqət yetirib. AXC Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin araşdırılması məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradıb.

Xalq Cümhuriyyəti (cəmi iki il mövcud olub) 1919 və 1920-ci illərdə martın 31-ni ümummilli matəm günü kimi qeyd edib. (kütləvi qətllərin daha çox həmin gün törədildiyi deyilir)

AXC Rusiyanın işğalı nəticəsində ləğv edildikdən sonra Azərbaycanda sovet hakimiyyəti illərində (1920-1991) bu tarix qeyd olunmayıb.

Azərbaycan yenidən müstəqillik əldə etdikdən (1991) bir qədər sonra, 1998-ci ildə bu hadisə ilə bağlı dövlət başçısı fərman verib. Həmin fərmanda 1918-ci il martın 31-də baş verən hadisələr soyqırımı kimi dəyərləndirilir.