Sputnik V-ni mutasiyalara qarşı yeniləyə biləcəklər

Arxiv fotosu

Ginzburqun sözlərinə görə, hazırda yeni vaksini bütün fazalarda sınaqdan keçirib-keçirməmək müzakirə olunur

Rusiyada Gamaleya adına epidemiologiya və mikrobiologiya elmi mərkəzinin hazırladığı texnologiya COVID-19 vaksinini iki gün ərzində virusun mutasiyasına qarşı yeniləmək imkanı verir. Bu haqda mərkəzin direktoru Aleksandr Ginzburq danışıb.

RİA Novosti-yə müsahibəsində o, həmin texnologiyanın adenovirus vektorlarına əsaslandığını deyib. Ginzburqun sözlərinə görə, hazırda yeni vaksini bütün fazalarda sınaqdan keçirib-keçirməmək müzakirə olunur. Dünyada bir preparatın 100 nəfər üzərində yoxlanmasına icazə verilən hallar olub. Yeni vaksin əvvəlki kimi qoruma təmin etsə, onun kütləvi istehsalına dərhal başlamaq olar.

Buna da bax: ABŞ-da vaksinlənənlər 100 milyona yaxınlaşır, Rusiyada ölümlər 225 mini keçir

Rusiyada da mutasiyalar aşkarlanıb

Ötən ilin payızında koronavirusun mutasiyaları ciddi problem yaratmağa başlayıb. Alimlər onda SARS-CoV-2-nin daha yoluxucu Britaniya variantının aşkarlandığını bildiriblər. Onlarla ölkə Britaniya ilə hava əlaqəsini dayandırıb.

Yanvarda “Rospotrebnadzor” rəhbəri Anna Popova Britaniyadan qayıtmış rusiyalıda həmin ştammın aşkarlandığını deyib. Martda isə Rusiyada COVID-19-un Cənubi Afrika variantının tapıldığı açıqlanıb. Bu ştammın daha yoluxucu olduğu bildirilir.

Buna da bax: Britaniya koronavirusa adi qrip kimi ‘baxacaq’

“Rospotrebnadzor” fevralın ortasında koronavirusun mutasiyasını üzə çıxaran ilk test sisteminin qeydə alındığını bəyan edib.

Hazırda Rusiyada COVID-19-a qarşı üç vaksin qeydiyyata alınıb: Gamaleya Mərkəzinin hazırladığı Sputnik V, Vektor Novosibirsk Mərkəzinin EpiVakKorona və Çumakov institutunun KoviVak vaksini. Rusiyada kütləvi vaksinasiya yanvarda başlanıb, amma əhalinin beş faizindən də azına vaksin vurulduğu deyilir.