'Sputnik' peyvəndi vurduran Argentina prezidenti kovid şübhəsiylə təcrid olunub

Argentina prezidenti Alberto Fernandes Sputnik V peyvəndi vurdurarkən

Argentinanın prezidenti Alberto Fernandes yeni koronavirus infeksiyası şübhəsi ilə təcrid olunub. Bir müddət əvvəl prezident Rusiyanın „Sputnik V“ penvəndini vurdurmuşdu.

62 yaşlı siyasətçi bir gün əvvəl tvitterdə yüngül qızdırma və başı ağrılarından sonra test verdiyini və indi nəticəni gözlədiyini yazıb.

Argentina “Sputnik V” peyvəndinin istifadəsini təsdiqləyən ilk ölkələrdən biridir. Fernandes koronavirusa qarşı ilk dəfə bu ilin yanvarında peyvənd olunub.

Peyvənd istehsalçısının rəsmi Twitter səhifəsində Argentina prezidentin yazdıqlarına cavab olaraq baş verənlərdən peşman olduqları bildirilib və peyvəndin koronavirus infeksiyasına qarşı yüzdə 91,6 faiz effektli olduğu vurğulanıb.

Bu həftə Moskva meriyası, "Sputnik V" peyvəndinin hər iki dozasını alan təxminən min nəfərin yenidən koronavirusuna yoluxduğunu bildirib. Məlumata görə, peyvənddən sonra həmin yoluxanların 76 faizi xəstəliyi yüngül şəkildə keçirib, qalanlarının vəziyyəti isə daha ağır olub.