Kərbəlada İran konsulluğuna od vurublar

İraqda nümayişçilər, arxiv fotosu

Tehran Kərbəlada baş verənlərə görə İraqa etiraz edir

Tehran həftəsonu İraqın Kərbəla şəhərindəki İran konsulluğuna hücumu “sərt şəkildə pislədiyini” bildirir.

İraqın Tehrandakı səfirliyinə “etiraz məktubu” təqdim olunub, İran XİN-in sözçüsü Səid Xətibzadə mayın 10-da jurnalistlərə deyib.

“Ölkədəki diplomatik obyektləri qorumaq İraq hökumətinin beynəlxalq borcudur”, – Xətibzadə vurğulayıb.

***

Mayın 9-da İraqda etirazçılar Kərbəladakı İran konsulluğunu yandırıblar. Buna həmin şəhərdə tanınmış fəalın öldürülməsi səbəb olub.

Ehab Vəzni 2019-cu ilin oktyabrında İraqda çaxnaşma yaratmış antihökumət etirazlarının təşkilatçısı idi. O, korrupsiyanı, İrana bağlı silahlıların və ümumiyyətlə Tehranın İraqdakı nüfuzunu tənqid edirdi.

Fəal gecə vaxtı evinin qarşısından motosikletlə keçən naməlum silahlılar tərəfindən öldürülüb. 2019-cu ilin oktyabrından ölkədə azı 30 fəal qətlə yetirilib. Bunu İraqın İnsan Haqları Komissiyasının üzvü Əli Əl-Bayati deyir. 600-dək etirazçı isə əsasən yürüşlərdə İranın dəstəklədiyi silahlı qruplar tərəfindən öldürülüb.

Vəzninin ölümü Kərbəlada etirazlara səbəb olub, yollar, körpülər bağlanıb, təkər yandırılıb.

“İran rədd olsun!”, “Adamlar rejimin getməsini istəyirlər!” – mayın 9-da yüzlərlə insan Vəzninin nəşini Kərbəladakı məbədlərə apararkən bu şüarları səslənidirib.

Axşam isə onlar İran konsulluğu qarşısına yığışıb, onun divarına, darvazasına od vurublar. Bunu internetdə yayılan videolarda görmək olar.

İraqın digər şiə şəhərləri olan Bəsrə, Nəsiriyyə və Nəcəf şəhərlərində də etirazlar keçirilib.

2019-cu ilin oktyabrından başlanan, bir neçə ay çəkən etirazlarda ölkənin siyasi strukturunun dəyişdirilməsi, korrupsiyaya son qoyulması, dövlət sektorunun təkmilləşdirilməsi tələb olunub. Koronavirus pandemiyası başlanandan etiraz hərəkatı səngiyib.