Barselonaya uçan Belarus təyyarəsi geriyə dönməli olub

Belavia dövlət hava yolları şirkətinin təyyarəsi (Arxiv fotosu)

Belarusun Minskdən Barselonaya uçan sərnişin təyyarəsi mayın 26-da Polşa sərhədindən geriyə Minskə qaytarılıb.

Bu barədə məlumatı uçuşları monitorinq edən Flightradar24 saytına istinadən Reuters agentliyi verib.

Polşa aviadispetçerləri Belarus pilotuna deyiblıər ki, təyyarənin Fransa hava məkanına daxil olmasına icazə verilməyib.

Avropa İttifaqının liderləri rəsmilərə Belarusa qarşı yeni sanksiyaların tərtib olunmasını tapşırıblar.

Avropa rəsmiləri hazırda Belarus hava yolları şirkətinə Avropa İttifaqı səmasının qadağanı üzərində işləyirlər.

Buna da bax: Təhlükəsizlik Şurasının üzvləri Belarusu pisləyən bəyanat versələr də...

Bomba, yoxsa jurnalist?

Belarus mayın 23-də Ryanair hava şirkətinin Afinadan Vilnüsə uçan sərnişin təyyarəsini guya bomba təhlükəsinə görə Minskə enməyə məcbur edib.

Təyyarə yerə enən kimi sərnişinlərin arasında olan anti-Lukaşenka jurnalist və onun sevgilisi həbs olunublar.

Belarusun bu hərəkəti Avropa İttifaqı və ABŞ tərəfindən qətiyyətlə pislənib və jurnalist Raman Prataseviçin və sevgilsinin dərhal azad olunması tələbi irəli sürülüb.

Belarusun dövlət hava yolları şirkəti Belavia-nın təyyarəsi Barselonaya mayın 26-da gündüz enməli idi.

Polşa Hava Nəqliyyatı Xidmətinin sözçüsü Pavel Lukaşeviç deyib:

"Biz pilota məlumat verdik ki, Fransanın hava məkanı bu təyyarə üçün bloklanıb və onun enməsinə imkan verilməyəcək”.

Belavia insident barədə heç bir şərh verməyib.

Buna da bax: Belarus üzərindən uçuşları dayandırırlar

Belavia qara siyahılarda

Fransa nəqliyyat nazirinin müavini Jan-Batist Cebbari mayın 24-də elan etmişdi ki, Fransa Belavia şirkəti təyyarələrinin Fransa səmasına daxil olmaq icazəsini ləğv edib.

Belavia şirkətinin 2869 nömrəli reysi İspaniyada Barselonaya enmək üçün Fransanın hava məkanına daxil olmalı idi.

Belavia bildirir ki, ona Litva, Latviya, Fransa, İsveç, Britaniya, Finlandiya, Çexiya və Ukraynaya uçmaq artıq rəsmi qadağan olunub.

Polşa hazırda Belavia şirkəti təyyarələrinin ölkənin hava məkanına daxil olmasına icazə verir.

Mayın 26-da Minskdən Varşavaya uçan təyyarə Qrinviç vaxtı ilə saat 1220-də Polşa paytaxtının əsas hava limanına enib.