Serbiya və Azərbaycan prezidentləri görüşüb

İ.Əliyev və A.Vuçiç

Dekabrın 21-də Azərbaycanda səfərdə olan Serbiya Prezidenti Aleksandar Vuçiç dövlət başçısı İlham Əliyevlə görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, görüşdən sonra mətbuata verilən bəyanatlarda İ.Əliyev deyib ki, hələ Serbiyada səfərdə olarkən müdafiə sənayesi sahəsi ilə bağlı müvafiq göstərişlər veriblər: "Bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənilir".

Öz növbəsində Serbiya prezidenti Aleksandar Vuçiç də deyib ki, onlar bütün əməkdaşlıq formalarını müzakirə ediblər:

“Biz müəyyən yaxşı sursat, silah istehsal edirik. Biz hər şeyi birlikdə müasirləşdirməyin yollarını nəzərdən keçirməyə və özümüzü təmin etmək üçün dünya ilə ayaqlaşmağa hazırıq. ”

Onun deməsinə görə, onlar “çox da dinc olmayacaq gələcəkdə” ölkələrini qorumağa və təhlükəsizliyi təmin etməyə hazır olmalıdırlar.

Serbiya Prezidenti Azərbaycana dekabrın 20-də gəlmişdi. Onun səfəri dekabrın 21-də başa çatıb.

Dekabrın 21-də A.Vuçiç ilə Azərbaycan Müdafiə Sənayesi naziri Mədət Quliyev arasında da görüş keçirilib. Görüşdə Bakı və Belqrad arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu bildirilib.

Bundan əvvəl Azərbaycan Prezidenti İ.Əliyev bir ay öncə, noyabrda Serbiyada səfərdə olmuşdu.

Buna da bax: Serbiyaya mühacirət edənlər də qaytarıla bilər