Cəbhəçinin həbsdə aclıq aksiyası keçirdiyi bildirilir

Elnur Həsənov

Yanvarın 29-da həbs olunmuş Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elnur Həsənovun aclıq aksiyası keçirdiyi bildirilir.

Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, bu barədə ona Həsənovun özü fevralın 6-da Daxili İşlər Nazirliyinin İnzibati Qaydada Həbs Olunanlanların Saxlanma Məntəqəsində görüş zamanı məlumat verib:

"Elnur Həsənov mənə bildirdi ki, yanvarın 31-dən fevralın 2-ə qədər quru aclıq aksiyası keçirib. Onun sözlərinə görə, bu səbəbdən ona təzyiq göstərilib, onun ağzını açıb su və yemək qəbuluna məcbur ediblər. Həsənov bildirir ki, hazırda su içsə də yemək yemir".

Vəkil qeyd edib ki, Həsənov öz həbsini qanunsuz hesab edir:

"Bu səbəbdən də aclıq keçirdiyini deyir. Hazırda səhhətində ağırlaşma var, üzün rəngi solub, zəifləmə hiss olunur".

Vəkil Mehdiyev əlavə edib ki, Həsənov ona yaxınları ilə telefon əlaqəsi saxlamağa imkan verilmədiyini də deyib: "Deyir ki, həbs olunandan bir dəfə də evlə danışa bilməyib".

O, vurğulayıb ki, məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.

Bu deyilənlərlə bağlı, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Buna da bax: Fotoqrafa 30 sutka verildiyi deyilir

‘Azərişıq’da saxlanan cəbhəçiyə 30 sutka verildiyi deyilir

Yanvarın 31-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənovun Yasamal Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs edildiyi bildirilir.

AXCP-dən verilən məlumata görə, o xuliqanlıq (İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ) və polisə tabe olmamaqda ( 535.1-ci maddəsi) ilə ittiham edilib.

Partiyadan əlavə edilib ki, Həsənov yanvarın 31-də “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin (ASC) ofisində saxlanılıb və oradan məhkəməyə aparılıb.

Buna da bax: Anası Bəxtiyar Hacıyev ilə görüşüb: 'Gözləri çuxura düşüb…'

AXCP-dən o da vurğulanıb ki, Həsənov yanvarın 29-da 85 yaşlı nənəsinin evində işığın borca görə kəsilməsi səbəbindən “Azərişıq” ASC-nin Sabunçu rayon idarəsinə gedib:

"Nənəsi İkinci Dünya Müharibəsi veteranının dul qadınıdır. O, hakimiyyəti tənqid edib. Ona vəd ediblər ki, nənəsinin evində elektrik enerjisi bərpa ediləcək, amma bunu etməyiblər".

AXCP-dən deyiblər ki, bugün, yanvarın 31-də Həsənov “Azərişıq” ASC-nin baş ofisinə gedib və orada onu mülki geyimli iki şəxs saxlayıb.

“Görünür, Həsənov sosial şəbəkələrdə hakimiyyətin ünvanına kəskin tənqidi status yazdıqdan sonra onu izləməyə başlayıblar”, - Azərbaycan Xalq Cəbhəsi Partiyasından bildiriblər.

Partiyadan Bunu deyiblər ki, Elnur Həsənov İkinci Qarabağ Müharibəsində həlak olan Teymur Mahal oğlu Həsənovun qardaşıdır.

Bu açıqlamaya, hələlik, Azərbaycan Daxili İşlər Nazirliyi, “ Azərışıq” ASC , Yasamal Rayon Məhkəməsi və başqa rəsmi aidiyyatı qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma rəsmilər bir qayda olaraq bildirirlər ki, ölkədə heç kim tənqidlərinə görə, təqib edilmir.