Azərbaycan yığması Belçikaya məğlub oldu

Martın 29-da Avropa çempionatının seçmə mərhələsində növbəti qrup oyunları keçirilib. A qrupundan oynayan Azərbaycan milli yığma komandası Brüsseldə Belçika yığması ilə qarşılaşıb. Oyun 4-1 hesabı ilə Belçikalıların xeyrinə qurtarıb.

Oyunun 12-ci dəqiqəsində meydança sahiblərinin müdafiəçisi Jan Verthongen hesabı açsa da, Azərbaycan futbolçuları 4 dəqiqədən sonra hesabı bərabərləşdirməyə nail oldular. Küncdən zərbədən sonra Ruslan Abışov başı ilə topu Belçikalıların qapısından keçirdi.

Oyunun 32-ci dəqiqəsində Azərbaycan milisinin qapısına 11 metrlik cərimə zərbəsi təyin edildi, Belçikanın oyunçusu Timmy Simonsun zərbəsi dəqiq oldu. Bundan sonra, birinci hissənin son dəqiqələrində və ikinci hissənin ortalarında meydança sahibləri daha 2 qol vuraraq hesabı artırdılar və 10 xal toplayaraq A qrupunda 2 yerə qalxdılar. Azərbaycan yığması 4 oyunda 3 xal toplayraq 6 komanda arasında 5-ci yerdə gedir.

Həmin gün öz meydanında Avstriya yığmasını məğlub edən Türkiyə 9 xalla 3-cü yerdədir. Lakin Belçika 6, Türkiyə isə 5 oyun keçiriblər. A qrupuna liderlik edən Almaniya millisinin Avro 2012-nin finalına vəsıqə qazanacağına heç kim şübhə etmir. Almanlar 5 oyunda 5 qələbə qazanıblar.

Azərbaycan millisi növbəti oyunu iyunun 3-də A qrupunun autsayderi Qazaxstanla onun meydanında oynayacaq. Bundan sonra Azərbaycan futbolçuları 4 oyun dalbadal öz meydançasında oynayaraq iyunun 7-də Almaniya, sentyabrın 2-də Belçika, sentyabrın 6-da Qazaxstan və oktyabrın 7-də Avstriya yığmalarını qəbul edəcək.