Qurani-Kərimin yandırılması faktına münasibət

Mehriban Əliyeva

“Müxtəlif ölkələrdə mədəniyyətlərarası dialoqa xidmət edən dəyirmi masalar, forumlar, konfranslar keçirilir. Təəssüflər olsun ki, buna rəğmən qarşıdurmaların sayı azalmır, əksinə artır. Təəssüf ki, düşmənçilik, etnik təmizləmələr, müharibələr bugünkü dünyamızın reallığına çevrilib”. APA-nın məlumatına görə, bu fikirləri Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Qadınlar: Mədəniyyətlərarası Dialoqun Əsas Təmsilçiləri” sessiyasında çıxışı zamanı Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva deyib.

Mehriban Əliyeva çıxışında dinin siyasiləşdirilməsi məsələsinə toxunub, bunu bəşəriyyətin ən böyük problemlərindən biri adlandırıb. Millət vəkili ABŞ-da bir keşişin nümayişkaranə surətdə müqəddəs Qurani-Kərimi yandırması faktına da münasibət bildirib: “Bəzi qüvvələr insanların ən müqəddəs hissləri ilə oynayırlar. Bütün dinlər bir-biri ilə çox yaxındır, ən müxtəlif dinə tapınan biz insanlar bir Tanrıya dua edirik. Dualarımızın mahiyyəti də eynidir. Təəssüf ki, bu gün insanlıqla bir araya sığmayan bir faktla üzləşmişik. Özünü din xadimi adlandıran bir nəfər müqəddəs Qurani-Kərimi yandırıb. Bu hərəkətə nə ad vermək olar? Onun məqsədi nədir? Bu, hansı qüvvələrin sifarişidir? Çox təəssüf edirəm ki, beynəlxalq ictimaiyyət müqəddəs Quranın yandırılması faktına reaksiya verməyib, münasibət bildirməyib”.