Milli Elmlər Akademiyasının iki əməkdaşı həbs edilib

MTN Novruzəli Məmmədova qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham irəli sürüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun şöbə müdiri Novruzəli Məmmədov və institutun əməkdaşı Elman Quliyev həbs edilib.


Bu barədə «Azadlıq» radiosuna Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Arif Babayev bildirib. Cənab Babayev həbsin səbəbi və nə vaxt həyata keçirildiyi barədə əlavə məlumat vermədi. Onun sözlərinə görə, hazırda istintaq və axtarış tədbirləri getdiyi üçün əlavə məlumat ictimaiyyətə bir qədər sonra veriləcək.


«Turan» İnformasiya Agentliyi isə vəkil Ramiz Məmmədova istinadən bildirir ki, MTN-in Baş İstintaq İdarəsi Novruzəli Məmmədova qarşı Cinayət Məcəlləsinin dövlətə xəyanəti nəzərdə tutan 274-cü maddəsi ilə ittiham irəli sürüb.


Novruzəli Məmmədov fevralın 3-də polisə müqavimət ittihamı ilə saxlanaraq Yasamal Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə həbs edilmişdi.