'Tərtər işi' haqda kitabın müəllifi evinə basqın olduğunu bildirir

Abid Qafarov

İctimai fəal Abid Qafarova məxsus, Bakının Şüvəlan qəsəbəsindəki evə aprelin 29-da basqın olduğu deyilir.

Bu barədə A.Qafarovun özü məlumat verib.

Ötən il xarici ölkələrdən birinə köçən fəalın sözlərinə görə, evdə yaşayan yaşlı qayınana və qayınatasına mülki geyimli şəxslər təzyiq göstərib.

O hesab edir ki, bu hadisə müəllif olduğu "Andaluniya" adlı kitabla əlaqəlidir.

Onun sözlərinə görə, aprelin 27-də Azərbaycanda keçirilən sərgidə həmin kitabın 42 nüsxəni mülki geyimli şəxslər müsadirə edib. Həmin kitabda 2017-ci ildə baş verən Tərtər hadisələri təsvir edilib.

Onun bu dediklərinə, hələlik, hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb.

A.Qafarov özü 2022-ci il iyulun 13-də Yasamal rayon Məhkəməsinin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, çıxışlarında müharibə veteranlarına qarşı böhtan və təhqirdə günahlandırılırdı. Müdafiə tərəfinə görə, Qafarov internetdəki çıxışında veteranları təhqir etməyib, sadəcə ad çəkmədən öz hüquqları uğurunda mübarizə aparmadıqlarına görə onları qınayıb. Qafarov da özünü təqsirli bilmirdi və "Tərtər işi"ni araşdırdığına görə sifarişlə həbs olunduğunu bildirirdi. O, ötən il iyunun 1-də azadlığa çıxıb və sonra xaricə gedib.

"Tərtər işi" barədə...

2017-ci ildə Ermənistana casusluqda ittiham olunan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilmişdi. Onlar barəsində dövlətə xəyanət maddəsi ilə cinayət işi açılmışdı. Zərərçəkənlər və onların yaxınları həbs olunanların ağır işgəncələrə məruz qaldıqlarını bildirirlər. Müstəqil hüquq müdafiəçiləri bu işdə 10-dan çox şəxsin öldürüldüyünü deyirlər. İstintaq zamanı həyatını itirən şəxslərdən ölümündən sonra bəraət alanlar olub.

Cinayət işi yenilənəndən sonra...

2021-ci ilin dekabrında – "Tərtər işi" üzrə icraat yenilənəndən sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb. İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunanlardan bütövlükdə üç qrup üzrə 13 nəfərin işi məhkəməyə göndərilib.

Dörd nəfərlik bir qrupun məhkəməsi ötən il noyabrın 29-da yekunlaşıb. Hökmə əsasən, Tərtərdəki N saylı hərbi hissənin komandiri olmuş polkovnik-leytenant Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev və müddətdən artıq xidmət etmiş (MAXE) hərbi qulluqçu Ramil Qarayevin hər birinə 5 il 6 ay həbs cəzası kəsilib. Onlar işgəncəvermə, vəzifə səlahiyyətlərini aşma, hərbçilərin qanunsuz həbsi kimi əməllərdə suçlu sayılıblar. Daha bir MAXE Rüstəm Ələsgərovun cəzası daha ağır – 9 il 6 ay olub.

Adı çəkilənlərin heç biri özünü təqsirli saymır.

Dörd və beş nəfərlik daha iki qrupun məhkəmələri davam edir.