ABŞ səfirliyi Bakıda tədbirlərini təxirə salmasına münasibət bildirdi

ABŞ-Azərbaycan münasibətlərində soyuqluq müşahidə edilir.

Amerika Birləşmiş Ştatları (ABŞ) səfirliyi bu ölkənin universitetlərinin məzunları ilə noyabrın 27-də Bakıda "Marriott Absheron" otelində keçirilməsi planlaşdırılan görüşü təxirə salıb.

Bu, BakuTV, Qafqazinfo saytında bu görüşlə bağlı bir sıra iddiaların yer aldığı məlumatların yayılmasından sonra baş verib. Həmin iddialarda tədbir "ABŞ-nin Bakıdakı agenturası ilə görüşü" kimi təqdim edilirdi.

Bundan əvvəl ABŞ və Azərbaycan münasibətlərində Qarabağ məsələsi ilə bağlı müəyyən soyuqluq müşahidə edilib. Ardınca da hökumət, ona yaxın kütləvi informasiya vasitələrində ABŞ əleyhinə yazılar, süjetlər hazırlanıb.

Son ittiham və görüşə münasibət bildirən ABŞ səfirliyi Turan-ın sorğusuna belə cavab verib: "Səfirlik iki qabaqcıl təhsil və mədəni mübadilə proqramımızın yubileylərini qeyd etməyi, həmçinin ABŞ-da təhsil almış məzunlardan ibarət Azərbaycan icmasının nailiyyətlərini, onların öz icmalarına töhfələrini vurğulamağı səbirsizliklə gözləyirdi. Bu yubileylər səfirliyin illik məzunlar tədbirini bu il daha da xüsusi edib. Tədbirdə hökumət, təhsil, qeyri-kommersiya və özəl sektorlar da daxil olmaqla müxtəlif təbəqələrdən olan 400-dən çox qonağın iştirakı gözlənilirdi. Tezliklə yenidən planlaşdırmağı səbirsizliklə gözləyirik".

Son illər ABŞ-da təhsil alan Azərbaycan vətəndaşlarının sayı artır.

2022-2023-cü tədris ilində ABŞ-da Azərbaycandan gedən 901 gənc təhsil alır. ABŞ səfirliyinin məlumatına görə, bu, əvvəlki illə müqayisədə 23.8 faiz çoxdur.

ABŞ-da təhsil almış və almaqda olanların bir çoxu Azərbaycan hökumətinin dəstəyi ilə ora gediblər.

Sizin brauzer HTML5-i dəstəkləmir

ABŞ-da pulsuz təhsil almağın bir yolu da budur