ABŞ koronavirusdan sağalmanı tezləşdirən dərmandan danışır

Doktor Anthony Fauci

ABŞ hökuməti bildirib ki, eksperimental dərmanlardan biri koronavirusun törətdiyi COVID-19 xəstəliyindən sağalma müddətinin qısaldıla biləcəyinə ümid verir.

Remdesivir adlı preparata dair aprelin 29-da açıqlanmış tədqiqat hesabatında deyilir ki, bu dərman koronavirusun törətdiyi xəstəlikdən sağalma müddətini orta hesabla 4 gün azaltmaqla onu 15 gündən 11 günə endirə bilər.

Alimlər qeyd edirlər ki, bu, həm də yoluxmadan ölüm hallarının azaldılmasına imkan verərdi.

ABŞ-ın infeksion xəstəliklər eksperti, Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru doktor Anthony Fauci bu tapıntını “son dərəcə əhəmiyyətli” adlandırıb.

Dərman üzərində tədqiqat ABŞ Milli Sağlamlıq İnstitutu tərəfindən dünya boyunca 1063 koronavirus pasienti üzərində aparılıb.

Buna da bax: Koronavirusa qarşı dərmanı sınaqdan keçirirlər

Çindəki təcrübələr “adekvat” olmayıb

Fauci deyib ki, Çində bu preparatın koronavirusa qarşı effektiv olmadığını göstərən son tədqiqat “adekvat şəkildə aparılmayıb”.

Çin həkimləri bu dərmanı 237 pasientə vermiş və nəticələri kontrol qrupu ilə müqayisə etmişdilər.

Çin alimləri bildiriblər ki, tənəffüs ventilyatorlarına ehtiyacı olan xəstələri çıxmaq şərtilə bu dərman pozitiv təsirə malik deyil.

Remdesivir

Preparat hələlik ABŞ-ın rəsmi orqanları tərəfindən koronavirus müalicəsi üçün təsdiq edilməyib, lakin ABŞ Qida və Dərman Administrasiyası bildirib ki, onun mümküm qədər tez müddətdə kütləvi istehsalı üçün müvafiq şirkətlə danışıqlar aparılır.

COVID-19 xəstəliyindən vaksinin hazırlanmasına ehtimalən 1 ilədək vaxt qaldığı bir şəraitdə Remdesivir pandemiyanın cilovlanmasında mühüm rol oynaya bilər.

Buna da bax: Koronavirusun dərmanı nə vaxt olacaq?

Son statistika

Aprelin 29-da ABŞ-da koronavirusdan daha 2502 nəfərin öldüyü və toplam ölüm sayının 61 minə çatdığı xəbər verilir.

Dünya üzrə təsdiq edilmiş yoluxma hallarının sayı 3, 2 milyonu keçib. Bunun 1 milyonu ABŞ-da qeydə alınıb.

Aprelin 29-da Britaniyada koronavirus ölümlərinin sayı 26 min nəfərə çatıb. Bu da qeyd olunmalıdır ki, ölüm statistikasına qocalar evində baş vermiş 3800 ölüm də əlavə edilib.

Britaniya hazırda ölüm sayına görə İtaliyadan sonra ikincidir. İtaliyada COVID-19 xəstəliyindən 27, 700 nəfər ölüb.

Bu epidemiyanın 2019-cu ilin sonlarında başladığı Çində aprelin 29-da koronavirusa 4 yoluxma qeydə alınıb. Bundan bir gün əvvəl yoluxanların sayı 22 idi.

Aprelin 29-da Çində heç bir ölüm qeydə alınmayıb.

Bu arada Donald Trump müxbirlərə deyib ki, federal hökumətin fiziki məsafə barədə göstərişi aprelin 30-da başa çatdıqdan sonra uzadılmayacaq.

O bildirib ki, bu məsələni indi hər bir ştat müstəqil qaydada həll edəcək.

Koronavirus böhranın səngidiyi İtaliya, Fransa və İspaniyada hökumətlər nəqliyyat şəbəkələrinin tədricən işə hazırlanmasına başlayırlar.

Bu məqsədlə avtobus və qatarların salonlarında sosial məsafəni müəyyən etməyə kömək edən işarələr qoyulur.