Bloomberg: Aİ kəmərlə daşınan Rusiya neftinə embarqonu ertələyə bilər

BELÇİKA - Rusiyanın Ukraynanı işğal etməsindən sonra Almaniya səfirliyi qarşısında Ukraynaya dəstək nümayişi zamanı bir etirazçı qaldırdığı plakat-"Rusiyadan qaz və neftə yox" 11 mart 2022-ci il

“Politico” nəşri yazır ki, hətta Rusiyaya qarşı sərt tədbirlərin tərəfdarı olanlar güzəştlərə getməklə belə altıncı sanksiyalar paketinin qəbul edilməsini istəyirlər

Avropa İttifaqı (Aİ) Rusiya neftinin boru kəməri ilə tədarükünə embarqonun tətbiqini ertələyə bilər. Bu barədə "Bloomberg" və "Politico" nəşrləri yazırlar.

Məlumatda bildirlir ki, Avropa Komissiyası Aİ ölkələrinin hökumətlərinə Rusiyaya qarşı yenidən işlənmiş sanksiyalar paketini göndərib. Bu layihə paketində Rusiya neftinin dənizlə daşınmasına qoyulan qadağanın saxlanmasını və neft kəməri ilə nəqlinə embarqonun ertələnməsini təklif edilir.

Nəşrlərin fikrincə, bu, Macarıstana və dənizə çıxışı olmayan bir sıra digər Aİ ölkələrinə Rusiyadan xam neft almağa davam etməyə imkan verəcək.

Buna da bax: Mariupol limanındakı metallar Rusiyaya daşınır, Kiyev bunu quldurluq sayır

"Bloomberg"-in məlumatına görə, Aİ ölkələrinə 6 ay ərzində dəniz yolu ilə neft idxalından, səkkiz ay ərzində isə neft məhsullarından imtina etmək təklif edilir. Söhbət Aİ-nin bir aydan çox müddətə razılığa gələ bilmədiyi altıncı sanksiyalar paketindən gedir.

Macarıstanın baş naziri Viktor Orban bir müddət əvvəl Aİ-nin Rusiyaya qarşı təklif etdiyi neft embarqosu müzakirəsinin mümkünlüyünü istisna edib.

Orban Avropa Şurasının prezidentinə müraciət edərək ölkəsinə Rusiya neftindən uzaqlaşması əvəzində Aİ-dən maliyyə ayrılması ilə bağlı ətraflı məlumat olmadan sanksiyaları dəstəkləyə bilməyəcəyini bildirib.

“Politico” qeyd edir ki, Rusiyaya qarşı sərt tədbirlərin tərəfdarı olanlar belə bu güzəştlərə getmək olsa da altıncı sanksiyalar paketinin qəbul edilməsini istəyirlər. Rəsmi olaraq yeni düzəliş edilmiş sanksiyalar paketi hələ təqdim edilməyib.

Buna da bax: Makron və Şoltzla danışan Putin Ukrayna taxılının ixracı ilə bağlı şərt irəli sürüb...

Macarıstan istifadə etdiyi qazın 85, neftin isə 60 faizini Rusiyadan alır. Bundan əvvəl "Politico" yazmışdı ki, Aİ Macarıstana pul təzminatı təklif etməklə onu sanksiyalara səs verməyə inandıra bilər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mayın 30-31-də keçiriləcək Aİ sammitində Rusiyaya qarşı neft embarqosu ilə bağlı konsensusun əldə oluna biləcəyini deyib.