Akif Çovdarovun həbsdəki əmlakları

Akif Çovdarov

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş Akif Çovdarovun, onunla birlikdə mühakimə olunan sabiq MTN-çilər Səlim Məmmədov və Orxan Osmanovun üzərinə həbs qoyulmuş əmlaklarının dəyəri on milyonlarla ölçülür.

APA onların həbsdəki əmlakları barədə detallı bilgi açıqlayıb.

Təkcə A.Çovdarovun üzərinə həbs qoyulmuş əmlaklarının ümumi dəyərinin 32 milyon 256 min 900 manat təşkil etdiyi bildirilir. Əmlak üzərinə həbs qoyan qərarları 13 məhkəmə - Nəsimi, Səbail, Binəqədi, Xətai, Nərimanov, Nizami, Yasamal, Sabunçu, Qəbələ, Kürdəmir, Xızı, Abşeron və Şamaxı rayon məhkəmələri çıxarıb.

A.Çovdarovun həbsdəki ən dəyərli əmlakı Nizami rayonu, Naxçıvanski küçəsi 50 ünvanındakı meyvə-tərəvəz bazarı sayılır. Həmin bazarın 8 milyon 100 min manat dəyərində olduğu qeyd edilir.

Xəbərə görə, digər əmlaklar Xətai rayonundakı mənzil, Binəqədidəki torpaq sahələri, Yasamaldakı 250 kvadratmetrlik qeyri-yaşayış sahəsi, Xətaidəki 147.4 kvadrat metr sahəyə malik mənzil, Badamdar qəsəbəsindəki 9.96 sot torpaq sahəsi, onun üzərindəki fərdi yaşayış evidir.

Bundan başqa, sabiq generalın Nəsimi, Abşeron (Saray və Novxanı qəsəbələri), Xızı, Qəbələ, Şamaxı, Kürdəmir rayonlarındakı torpaq sahələrinin, mənzillərin, yaşayış evlərinin üzərinə də məhkəmə qərarları ilə həbs qoyulduğu açıqlanıb.

Sabiq MTN-çilər Səlim Məmmədovun həbsdəki əmlakının dəyərinin isə 1 milyon manatdan çox olduğu bildirilir.

MTN işi üzrə təqsirləndirilənlərdən Orxan Osmanova məxsus isə «Toyota Land Cruiser-Prado» markalı avtomaşın üzərinə həbs qoyulub.

A.Çovdarov ötən il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. 19 nəfər artıq həbsdədir. Onlardan yuxarıda adları çəkilən şəxslərin işi məhkəməyə göndərilib.

A.Çovdarov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvət alma) və daha bir neçə ağır maddələri ilə ittiham irəli sürülüb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-yə yaxın yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha 2 ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.