ABŞ minaların təmizlənməsinə 500 min dollar ayırıb

Arxiv foto

Amerika Birləşmiş Ştatları (ABŞ) 2020-ci ilin payızında Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında gedən intensiv döyüşlərdən zərər çəkmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatları üçün 500 min dollar vəsait ayırıb. Bu barədə noyabrın 6-da ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

"ABŞ-ın maliyyə yardımı təhlükə mənbəyi olan mina və partlamamış sürsatların zərərsizləşdirilməsi ilə məşğul olan təşkilatların texniki bacarıqlarının inkişafına təkan verəcək. Bu səylər insanların təhlükəsizliyinin təminatı və məcburi köçkünlərin öz torpaqlarına qaydaraq yeni həyata başlamaları üçün vacib rol oynayır".

Məlumatda vurğulanır ki, Birləşmiş Ştatlar dünyada adi silahların məhv edilməsi sahəsində ən çox maliyyə ayıran dövlətdir.

"ABŞ 1993-cü ildən bəri beynəlxalq sülhün və təhlükəsizliyin inkişafı üçün 100-dən çox dövlətə 4 milyard dollardan artıq vəsait ayırmışdır. Bu vəsait mina və partlamamış sürsatların mülki əhaliyə yaratdıqları təhlükələrin aradan qaldırılmasına istifadə olunub.

Bu ərəfədə ABŞ-ın Avropa və Avrasiya Məsələləri Bürosunda Dövlət katibinin yeni təyin olunmuş müavin köməkçisi Erika Olson Azərbaycanda səfərdə olub.