'Hökumətlə dialoqlarda jurnalist həbslərindən narahatlığımızı, gözləntilərimizi çatdırırıq’

Peter Mixalko

Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin rəhbəri Peter Mixalko deyir ki, Azərbaycanda jurnalistlərin həbsilə bağlı narahatlıqlarını hökumətlə dialoqda mütləq çatdırırlar.

O, Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə mayın 2-də jurnalistlərlə görüşüb.

"Üçüncü ildir ki, Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalistlərlə görüşmək fürsətim olur. Təəssüf ki, ötən il bizimlə olan jurnalistlərin bəzilərini bu dəfə burada görə bilmirik, axı həbs olunublar. Biz həmin jurnalistləri yaddan çıxarmamaqla bu görüşü keçiririk", - yenə P.Mixalkonun dilə gətirdiyi sözlərdir.

Səfir onu da deyib ki, Avropa Ittifaqı Azərbaycanın ən fəal tərəfdaşlarındandır və bu tərəfdaşlıq dəyərlərə, ortaq prioritetlərə əsaslanır.

"Biz… gözləntilərimizi çatdırırıq"

Müstəqil medianın, azad jurnalistlərin istənilən cəmiyyət üçün vacibliyini vurğulayan diplomat Azərbaycanın bu sahədə üzərinə götürdüyü öhdəliyi də yada salıb. Jurnalistlərin son həbslərinin narahatlıq doğurduğunu söyləyən P.Mixalko hökumət qurumları ilə dialoqlarında da bu öhdəliyi xatırlatdıqlarını bildirib: "Azərbaycan üzərinə öhdəliklər götürüb və biz də tərəfdaş olaraq, gözləntilərimizi çatdırırıq. Bu problemlər aktual olduğu müddətdə Avropa Birliyi o məsələləri qaldıracaq. Hazırda bu məsələlər özəlliklə vacibdir, axı Azərbaycan COP29-a ev sahibliyi edəcək, bütün dünyanın diqqəti burada baş verənlərə yönələcək".

Səfir Azərbaycanla Ermənistan arasındakı münasibətlər haqda sualı cavablandırarkən deyib ki, Avropa Birliyi Cənubi Qafqazda sülh və rifah olmasını istəyir. O, delimitasiya ilə bağlı tərəflər arasındakı razılaşmanı alqışladıqlarını vurğulayıb.

P.Mixalko əlavə edib ki, minatəmizləmə prosesində Azərbaycana dəstək verən əsas tərəfdaşı Avropa İttifaqıdır.

Onun sözlərinə görə, müstəqilliyin ilk illərindən başlanan dəstək bu gün də davam edir: "Minatəmizləmə prosesi ilə bağlı Azərbaycana dəstəyimiz üç istiqamətdədir: minaların təmizlənməsi, proseslə bağlı maarifləndirmə kampaniyaları və qurbanlara dəstək".