Aİ sülh prosesinə dəstəyini əsirgəməyəcəyini deyir, saxlananları buraxmağa çağırır

Peter Stano

Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda sülhü təbliğ edən gənc alim Bəhruz Səmədovun, eləcə də digər müstəqil jurnalistlər, insan haqları fəalları və vətəndaş cəmiyyəti təmsilçilərinin həbsindən narahatlığını bildirib. Aİ Azərbaycanı fundamental hüquqlarından istifadə etdiyinə görə saxlananları azadlığa buraxmağa, saxlananlar üçün ləyaqətli və təhlükəsiz şərait, o cümlədən onların tibbi və müstəqil hüquqi xidmətlərə tam çıxışını təmin etməyə çağırıb.

Bunu AzadlıqRadiosuna Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Peter Stano bildirib. Sözçü birliyin Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı narahatlığını daha öncə də açıq dilə gətirdiyini yada salır.

Müharibə əleyhinə fikirləri ilə tanınan B.Səmədov avqustun 23-də dövlətə xəyanət ittihamı ilə saxlanılıb. Özü ittihamı qəbul etmir.

Ötən ilin noyabrından ölkədə 20-yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə saxlansa da, onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri ilə izah edirlər. Təhlilçilər müharibə əleyhdarlarına son təzyiqləri ölkədəki ümumi həbs dalğasının davamı sayırlar.

Konstruktiv və müsbət yanaşma gözləntisi

Aİ-nin sözçüsü P.Stano AzadlıqRadiosuna açıqlamasında Ermənistanla Azərbaycan arasında sülh prosesində hər iki tərəfin marağı əsasında yaxından iştirak etdiyini də vurğulayır. Onun dediyinə görə, beynəlxalq tərəfdaşlarla sıx koordinasiya halında işləyən Aİ tərəflərin davamlı sülhə yönəlik işində kömək üçün diplomatik səyini əsirgəməyib, konkret nəticələr əldə olunub.

"Aİ bu kontekstdə dəstək göstərməyə davam edəcək. Biz tərəflərdən, iki ölkənin və xalqlarının əlaqələrinin normallaşdırılmasına, regionda davamlı sülhə gətirəcək konstruktiv və müsbət yanaşma gözləyirik", – P.Stano qeyd edir.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə birgünlük hərbi əməliyyatla Qarabağ üzərində suverenliyini bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya edilməyib. Son illər sülh danışıqları ABŞ, Aİ-nin, eləcə də Rusiyanın vasitəçiliyi ilə davam edib.

Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 31-də mətbuat konfransında Rusiya prezidenti Vladimir Putinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün vasitəçilik təklifini şərh edərkən deyib ki, Azərbaycanla vasitəçisiz danışıqlara üstünlük verir.