Avropa Komissiyasının prezidenti yenidən Ukraynada

Ursula fon der Leyen (sol), Volodymyr Zelenskyi, Kiyev, 12 oktyabr 2021

Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen yenidən Kiyevə gedib. Komissiya prezidenti bu barədə iyunun 11-də özünün Twitter hesabında məlumat paylaşıb. O, məlumatın sonunda ukraynaca "Avropa sizinlədir"

Məlumata görə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukrayna prezidenti Volodimir Zelenski ilə ölkənin bərpası və onun Avropa İttifaqına daxil olması perspektivlərini müzakirə edəcək.

İyunun 17-də komissiya Aİ üzvlərinə Ukraynaya bloka üzv olmaq üçün namizəd statusu verməyi tövsiyə edəcəyi gözlənilir. Bu barədə Bloomberg məlumat yayıb. Məlumatda qeyd olunur ki, bir şərtlə ki, ölkədə qanunun aliliyinə hörmətlə yanaşılması və korrupsiyaya qarşı fəal mübarizə aparılsın.

Bundan əvvəl Avropa Parlamenti Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini tövsiyə edib.

Qərar 27 üzv dövlətin hamısı tərəfindən dəstəklənməlidir. Cavab müsbət olarsa, Ukrayna Aİ-nin bütün qaydalarına və standartlarına riayət etmək üçün bir sıra islahatlar aparmalı olacaq. Bu proses on ildən çox çəkə bilər.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və öz qoşunlarını Ukraynadan çıxarmağa çağırır.