Azərbaycan bəzi jurnalistlərə görə, təzminat ödəyəcək

Avropa Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi ( AİHM ) iyulun 22-də Azərbaycandan göndərilən şikayətlər üzrə bir neçə qərarını elan edib. Qərarlardan 2-si jurnalistlərlə bağlıdır.

Hüquqşünas Xalid Agalyev deyir jurnalistlərlə bağlı işləri onun təmsil etdiyi Media Hüququ İnstitutunun vəkilləri aparıb.

Mahmudov və Ağazadə Azərbaycana qarşı

Hüquqşünasın sözlərinə görə, AİHM “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Mahmudov və əməkdaşı Yaşar Ağazadənin işində hesab edib ki, ərizəçilərin ifadə azadlığı hüququna müdaxilə baş verib.

Qərar qəti olduqdan sonra hökumət ərizəçilərə ümumilikdə mənəvi zərərə görə 2400, xərc və məsrəflərə görəsə 1000 avro ödəməlidir.

Müdafiə tərəfinin bildirməsinə görə, “Müxalifət” qəzetinin baş redaktoru və əməkdaşı Azərbaycanın siyasi xadimlərindən olan Cəlal Əliyevi ( Prezidenti İlham Əliyevin əmisi) ləkələdiyi iddia edilən məqalədən sonra cinayət məsuliyyətinə alınıblar. Cəlal Əliyevin xüsusi ittiham qaydasında şikayətindən sonra Rövşən Mahmudov və Yaşar Ağazadə 2007-ci il mayın 16-da böhtan iddiası ilə məhkum ediliblər.

Onların hər birinə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. 2007-ci ilin dekabrında jurnalistlər əfvlə azadlığa buraxılıblar.

Ərizəçilər AİHM-ə şikayətlərində məqalələrinə görə, cinayət cəzasına məhkum edilmələri ilə ifadə azadlığı hüquqlarına müdaxilənin baş verdiyini iddia edirdilər.
Azər Əhmədov Azərbaycana qarşı

X.Ağaliyevin bildirməsinə görə, “Azadlıq” qəzetinin direktorunun işində isə AİHM ona münasibətdə şəxsi həyata müdaxilə hüququnun pozuntusuna yol verilməsinə qərar verib. Hökumət A.Əhmədova mənəvi zərərə əvəzi 4500, xərc və məsrəflərə görə isə 2500 avro təzminat ödəməliidr.

Hələlik, bu qərarlara Azərbaycan Məhkəmə-Hüquq Şurası və başqa maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb.Rəsmilər son illər ölkədə məhkəmə-hüquq sahəsində islahatlar aparıldığını deyirlər.