Hökumət 40 min avroya yaxın təzminat ödəməlidir

Sizin brauzer HTML5-i dəstəkləmir

Deputatdan təklif: Avropa məhkəməsinin cəriməsini hakimlər özü ödəsin

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) martın 2-də Azərbaycandan göndərilən ərizələr üzrə dörd yekun qərar və qərardadını elan edib.

Qərarlara görə, hökumət müxalifət nümayəndələri, jurnalist və başqa şəxslərə ümumilikdə 39 min avrodan çox təzminat ödəməlidir.

Hüquqşünas Xalid Ağalıyevin verdiyi məlumata görə, işlərdən biri "Əyyubzadə Azərbaycana qarşı" adlanır. Orada müxalif fəal Orxan Əyyubzadənin saxlanılması və məhkəməyəqədər həbs edilməsindən bəhs edilir. Ərizəçi 2013 və 2014-cü illərdə hökumətlə razılaşdırılmayan kütləvi aksiyalarda iştirak ilə bağlı inzibati qaydada ittihamlarla üzləşərək həbs cəzası çəkmişdi. Şikayətə görə, 2014-cü ildə cəzası başa çatdıqdan sonra azadlığa buraxılmalı olsa da, dövlət təmsilçisinə "müqavimət və ya zorakılıq" ittihamı ilə yenidən həbs olunmuşdu. O, ittihamlarda təqsirli sayılmış, 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Ərizəçi 2015-ci ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. Məhkəmə bu işdə ərizəçinin azadlıq və toxunulmazlıq hüququnun pozulduğuna qərar verib. Qərara görə, hökumət ərizəçiyə ümumilikdə 9 min 200 avro təzminat ödəməlidir.

Başqa bir iş isə hazırda mühacirətdə olan jurnalist Əfqan Muxtarlı və Müsavat başqanının müavini Gülağa Aslanlının şikayəti ilə bağlıdır. Onlar polisdə saxlanmaları və inzibati qaydada cərimə (50 manat və 20 manat) edilmələrindən şikayət veriblər. AİHM bu işdə hər iki ərizəçiyə münasibətdə azadlıq və toxunulmazlıq, habelə ədalətli məhkəmə araşdırması hüququnun pozulduğuna qərar verib. Məhkəmə Aslanlıya münasibətdə birləşmək hüququnun pozuntusunu da tanıyıb. Qərara əsasən, hökumət ərizəçilərin hər birinə mənəvi zərər əvəzi 3 min, xərc və məsrəf əvəzi ümumilikdə 1000 avro təzminat ödəməlidir.

IREX-in şikayəti

Başqa bir şikayət isə Beynəlxalq Tədqiqat və Mübadilə Şurasının (IREX) Azərbaycandakı nümayəndəliyindən verilib. 2014-cü ildə Baş Prokurorluq təşkilatın nümayəndəliyində axtarış aparıb, bütün sənədlər və kompüterlər götürülüb.

Məhkəmə hesab edir ki, bu işdə ərizəçinin mülkiyyət və şəxsi həyata hörmət hüququ pozulub. Qərar ərizəçiyə 5 min 900 avro mənəvi zərər əvəzi ödənilməsini nəzərdə tutur.

IREX 1998-ci ildən 2014-cü ilədək (16 il) Azərbaycanda vətəndaş cəmiyyəti, təhsil və media sahəsində fəaliyyət göstərib.

"Hüseynov və başqaları Azərbaycana qarşı"

Bu məhkəmə işində də ədalətli məhkəmə araşdırması və birləşmək azadlığı hüququnun pozuntusu mübahisələndirilib. Kommunikasiya mərhələsində tərəflər dostca anlaşıblar. Anlaşmanın şərtlərinə görə, hökumət altı ərizəçiyə ümumilikdə 17 min 100 avro ödəməlidir.

Hələlik, qərarlara Azərbaycan rəsmilərinin münasibəti bəlli deyil.