Daşkəsəndə Xalq Cəbhəsi sədri narkotik ittihamını qəbul etmir

Sahib Məmmədzadə

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Daşkəsən şöbəsinin martın 18-də saxlanan sədri Sahib Məmmədzadə barəsində martın 19-da 4 aylıq həbs-qətimkan tədbirinin seçildiyi bildirilir.

Bu barədə həmin partiyadan məlumat verilib.

AXCP-dən bildirilib ki, S.Məmmədzadə Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq küllü miqdarda narkotik vasitələri,...hazırlama,... və ya satma) maddəsi ilə ittiham olunur və artıq Gəncə 2 saylı İstintaq Təcridxanasına köçürülüb: "Sahib bəy vəkilə bildirib ki, özünü təqsirli bilmir və məhkəmədə də deyib ki, ona şər atılıb. O, həbsini onun AXCP-nin Daşkəsən rayon şöbəsinin sədri olmağı ilə izah edir".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən (DİN) münasibət öyrənmək mümkün olmayıb. Amma buna qədər həm DİN, həm də başqa rəsmi qurumlar insanların Azərbaycanda siyasi fəaliyyətlərinə görə şərlənərək həbs edilmələri ilə bağlı deyilənləri əsassız sayıblar.

Dünən, martın 19-da DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilmişdi ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən S.Məmmədzadəni Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları saxlayıb: "Fakta görə cinayət işi qaldırılıb, istintaq hərəkətləri davam etdirilir".

+++

Martın 18-də axşam saatlarında müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Sahib Məmmədzadə saxlanıb.

AXCP-dən iddia edirlər ki, fəalın saxlanması onun siyasi fəaliyyəti ilə bağlıdır: "Sahib bəy heyvanlarını yaylağa aparırdı. Qara maskalı şəxslər polis postunda Sahib bəyi saxlayıb naməlum istiqamətə aparıblar".

AXCP-nin hazırda azı beş fəalı müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir. Partiyadan onların siyasi sifarişlə şərləndiyini bəyan ediblər. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.