Azərbaycan və İran komandanları Xəzərdə birgə təlimdən danışıblar

Bakıda Azərbaycan və İran HDQ komandanları görüşüb

Azərbaycan və İran komandanları Xəzərdə birgə təlim keçirilməsini vacib sayırlar.

Bu barədə dekabrın 5-də Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirovun bu ölkədə səfərdə olan İran İslam Respublikası Ordusunun HDQ komandanı kontr-admiral Şəhram İrani ilə görüşündə bəhs edilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə iki ölkənin hərbi dənizçiləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub: "Hərbi qulluqçuların peşəkarlığının artırılması, eləcə də qarşılıqlı təcrübə mübadiləsi məqsədilə Xəzər dənizində birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi qeyd olunub".

Hazırda İranla Azərbaycan arasında yaxınlıq müşahidə edilməkdədir. Halbuki yaxın aylara qədər bu iki ölkə arasında müəyyən gərginliklər yaşanmışdı.

Xatırlatma

Son illər hər iki ölkənin bir-birinin sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlara səbəb olmuşdu. Hətta bu il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücum da oldu. Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak olduğu, ikisinin isə xəsarət aldığı açıqlandı. Bundan sonra səfirliyin işçiləri Azərbaycana təxliyə edildi.

Ardınca da Azərbaycanda bir çox həbslər oldu. Saxlananlar ən müxtəlif ittihamlarla (ən çox da narkotiklə) üzləşsələr də, hökumətə yaxın media orqanlarında onlar "İran casusu" kimi təqdim edilirdilər. Hərçənd onların yaxınları da bununla dini kəsimdən olan bir çox şəxslərin şərləndiyini dedilər. Amma son aylar hər iki tərəfin rəsmiləri bir-biriləri ilə əməkdaşlığa aid fikirlər səsləndirirlər.