'Bank Standard'ın əmanətləri ödənir, amma…

Bank Standard

Lisenziyası ləğv edilmiş «Bank Standard» Kommersiya Bankında (KB) qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi davam edir. Artıq 2000-dən çox əmanətçiyə ödəniş edilib. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, «Bank Standard» KB-nin əmanətçilərinin sayının çox olmasını və sosial ardıcıllığı nəzərə alaraq, Əmanətlərin Sığortalanması Fondu ilk mərhələdə 20 min ABŞ dollarınadək qorunan əmanətlər üzrə kompensasiyaları ödəyib: «Oktyabrın 13-dən artıq 50 min ABŞ dolları məbləğində olan qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə başlanılıb. Oktyabrın 17-dən etibarən isə məbləğindən asılı olmayaraq bütün qorunan əmanətlər üzrə kompensasiyalar ödəniləcək».

Palata qeyd edir ki, qorunan əmanətlər öz valyutasında ödənilir: «Kiminsə bir neçə valyutada əmanəti olduqda, kompensasiyalar «Əmanətlərin Sığortalanması haqqında» qanuna uyğun toplanılır və sığorta hadisəsi baş verən günü (04 oktyabr 2016-cı il) rəsmi məzənnəyə müvafiq manatda ödənilir».

Kompensasiyaların ödənişi «Bank Standard» KB-nin baş ofisi daxil olmaqla, Bakı şəhəri və regionlarda yerləşən 14 filialında həyata keçirilir.

Palatanın 30 sentyabr qərarı ilə bankın lisenziyası ləğv edilib. Bu bankda 460 milyon manat qorunan əmanət olduğu bildirilir.

Bu il Azərbaycanda bütünlükdə 11 bankın lisenziyası ləğv edilib. Bu onların öhdəlikləri yerinə yetirə bilməməsi ilə izah edilib.