Banklarda 500 dollar almaq istəsən...

Dollar/Manat

Artıq bir neçə gündür kommersiya banklarında valyutadəyişmə əməliyyatları zamanı xarici valyuta alan müştərilərin sənəd doldurduqları bildirilir. Həmin sənəddə müştəridən detallı məlumatlar alındığı qeyd edilir.

"Turan" agentliyinin xəbərinə görə, bu barədə Bakıdakı banklardan bəziləri məlumat veriblər.

Məlumata görə, xarici valyutanın 500-11500 vahidini alan müştəri blank doldurmalıdır və orada öz adını, soyadını, telefon nömrəsini qeyd etməlidir: "11500-dən isə çox alan müştəri yuxarıda göstərilmiş məlumatlarla yanaşı, konvertasiya olunan vəsaitin mənbəyi və alınan xarici valyutanın təyinatını da göstərməlidir".

Verilən məlumata görə, alınan valyutanın məbləği 20 min manatı keçdikdə isə, müştəri Maliyyə Monitorinq Xidmətinin (MMX) nəzarət dairəsinə düşür.

Qeyd edildiyinə görə, əgər müştəri dəyişmək istədiyi məbləği əmlak satışı nəticəsində əldə edibsə, notariusun təsdiqlədiyi alqı-satqı müqaviləsini göstərməlidir: "Həmin müştəri müqavilədə göstərilən həcmdə vəsait dəyişə bilər".

Habelə, vurğulandığına görə, əgər vəsaitin mənbəyi kimi əməkhaqqı göstərilirsə, son bir ilin əməkhaqqısı barədə möhürlü arayış tələb olunur.

Banklardan əlavə edilib ki, yeni qaydalar Mərkəzi Bankdan gəlib, səbəbi onlara izah olunmayıb.

Məsələ ilə bağlı Mərkəzi Bankdan isə münasibət öyrənmək, hələlik, mümkün olmayıb.