Bayden Si ilə danışıb

Co Bayden (solda) və Si Cinpinq, 2013-cü il

Çin-ABŞ münasibətləri illərdir ticarət, kiber-təhlükəsizlik və insan haqlarından dolayı gərgindir

ABŞ Prezidenti Co Bayden son yeddi ayda ilk dəfə çinli həmkarı Si Cinpinqlə telefon söhbəti edib. Dünyanın iki ən böyük iqtisadiyyatının münasibətləri çoxsaylı mübahisələr üzündən normal deyil.

Ağ evin sentyabrın 9-da bildirməsinə görə, iki lider qarşılıqlı maraqların, dəyərlərin və perspektivlərin kəsişdiyi və ayrıldığı sahələri müzakirə ediblər.

Çin-ABŞ münasibətləri illərdir ticarət, kiber-təhlükəsizlik və insan haqlarından dolayı gərgindir.

Buna da bax: Dünyada atmosferi ən çox Çin çirkləndirir

Birləşmiş Ştatlar Çini koronavirus pandemiyasının mənşəyi məsələsində şəffaf olmamaqda, Tayvanla bağlı, Cənubi Çin dənizində ərazi mübahisələrindən dolayı tənqid edir.

Tərəflərin qarşılıqlı maraq göstərdiyi sahələr də az deyil. Buraya iqlim dəyişikliyi, Koreya yarımadasında nüvə böhranı daxildir.

Ağ evin məlumatına görə, Bayden aydın şəkildə deyib ki, Birləşmiş Ştatlar iki ölkə arasında rəqabəti məsuliyyətlə idarə etmək, “rəqabətin konfliktə çevrilməməsini təmin etmək” istəyir.

Buna da bax: Co Bayden milyonların məcburi vaksinasiyasına sərəncam verdi

Çinin CCTV dövlət televiziyasının sentyabrın 10-da bildirməsinə görə, Si Baydenə deyib ki, ABŞ-ın siyasəti “ciddi çətinliklər” törədib, münasibətlərin düzgün idarə olunması “dünyanın gələcəyi və taleyindən ötrü vacibdir”.

“Çin-ABŞ qarşıdurması hər iki ölkəyə və dünyaya fəlakət gətirəcək”, – Si əlavə edib.

Si tərəflərin iqlim dəyişikliyi, pandemiyanın qarşısının alınması və qlobal iqtisadi dirçəliş üzrə dialoqu saxlamalı olduğunu vurğulayıb.

Ancaq Çinin daxili işlərə müdaxiləylə bağlı həssaslığına eyham vuran Si deyib ki, ölkələr “aramızdakı fərqlərə hörmət etməlidirlər”.