İcra başçısının jurnalistdən şikayəti icraata götürülmədi

İcra başçısının şikayətinə səbəb olan aksiya

Rafil Hüseynov bundan əvvəl sayt rəhbərini cərimələtdirib. İndi isə onun cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.

Masallı Rayon Məhkəməsi noyabrın 7-də “cenubnews.com” saytının təsisçisi və baş redaktoru Mirələm Həşimovun cinayət məsuliyyətinə cəlb olunmasını istəyən icra hakimiyyəti başçısının şikayətini icraata götürməkdən imtina edib.

Bu haqda məhkəməyə çəkilən jurnalistin özü bilgi verib.

Buna da bax:​ Masallının icra başçısı jurnalisti ikinci dəfə cəzalandırmaq istəyir

Qərarı Masallı Rayon Məhkəməsinin hakimi Anar Alməmmədov verib.

İcra başçısının məhkəməyə çəkdiyi jurnalistin bildirdiyinə görə, vəkilləri vasitəsilə şikayətin əsassız olması barədə dəlillər təqdim ediblər. Həmin dəlilləri incələyən məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti icraata qəbul etməyib.

Jurnalist məhkəmənin qərarından razı qaldıqlarını qeyd edib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ötən ay M.Həşimovun həbs edilməsi tələbi ilə məhkəməyə üz tutmuşdu. İcra başçısının şikayətinə səbəb sentyabrın 24-də saytda yayımlanan “Masallıda pensiya alanlar etiraz etdi, yol bağlandı” başlıqlı məqalə və videogörüntülər olmuşdu.

Buna da bax:​ Masallıda pensiyaçılar yolu bağlayıblar - YENİLƏNİB

Xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə üz tutan icra başçısı məqalədə yazılanların böhtan olduğunu iddia edir. Mirələm Həşimovun CM-nin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılmasını istəyirdi.

Rafil Hüseynov bundan öncə “cenubnews.com” saytının rəhbərini cəzalandırmağa nail olmuşdu. İcra başçısının iddiası əsasında Masallı Rayon Məhkəməsi Mirələm Həşimovun üzərinə 3 xəbərin təkzib olunması və 2 min manat da kompensasiya ödəmək öhdəliyi qoymuşdu. Sonradan Şirvan Apelyasiya Məhkəməsi təkzib məsələsini qüvvədə saxlasa da, icra başçısına ödənilməli kompensasiyanın məbləğini 500 manata endirmişdi.

Apelyasiya məhkəməsinin həmin qərarından kassasiya şikayəti verilib və həmin iş hazırda Ali Məhkəmənin icraatındadır.