'Hərbiçinin meyitinin qaytarılması prezidentin diqqət mərkəzində'

Döyüş zonasında əsgər meyiti (arxiv fotosu).

Yanvarın 17-si Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyevlə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elena Aymone Sesseranın görüşü olub.

Görüşdə, ötən il dekabrın 29-da həlak olan, meyiti Ermənistan tərəfdə saxlanan əsgər Çingiz Qurbanovun məsələsi müzakirə olunub.

Bu haqda DTX-nın mətbuat xidməti xəbər verir.

Görüşün ölkə başçısının göstərişi ilə baş tutduğu bildirilir.

Buna da bax:​ Əsgərin meyiti qaytarılmır

Məlumatda qeyd edilir ki, M.Quliyev silahlı insidentdə həlak olmuş hərbçinin meyitinin alınmasının prezidentin diqqət mərkəzində olduğunu vurğulayıb. O, BQXK-nın və ATƏT-in Minsk qrupu həmsədrlərinin məsələ ilə bağlı səylərini yüksək qiymətləndirib.

M.Quliyev deyib ki, meyitlərin verilməsi mexanizmi və prosedurları kifayət qədər aydın və açıqdır. Bununla belə, əsgərin meyitinin bu günə kimi qaytarılmaması Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının və Cenevrə Konvensiyalarının öhdəliklərinin kobud şəkildə pozulmasıdır.

M. Quliyev Dövlət Komissiyası və BQXK-nın qarşılıqlı fəaliyyətinin ümumən konstruktiv olduğunu və konkret nəticələr verdiyini vurğulayıb. O, səmərəli əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Buna da bax: Azərbaycan yenidən beynəlxalq qurumlara müraciət etdi

Elena Aymone Sessera isə Çingiz Qurbanovun meyitinin tezliklə geri qaytarılmasından ötrü BQXK-nın Ermənistandakı nümayəndəliyi ilə birlikdə səylərin davam etdirəcəyini söyləyib.

Xatırlatma

Çingiz Qurbanov ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədinin Qazaxdan keçən hissəsində bu iki ölkə arasında baş verən silahlı toqquşmada həlak olub.

Müdafiə Nazirliyi əsgər Çingiz Salman oğlu Qurbanovun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə və ATƏT-in Minsk Qrupuna rəsmi qaydada müraciət edib.

Buna da bax:​ Lavrov: "Qarabağ münaqişəsi sırf Azərbaycanın daxili işlərinə aid məsələ deyil"

Məsələ ilə bağlı, Avropa Şurasının baş katibi T. Yagland da çağırış edib.

Ancaq Ermənistan hakimiyyəti Azərbaycan əsgərinin meyitinin qaytarılmaması ilə bağlı bu müraciətə də, hələ ki, cavab verməyib.

Parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Artak Zakaryan AzadlıqRadiosu-nun Ermənistan xidmətinə bildirib ki, onlar bu məsələni “vaxtı gələndə” şərh edəcəklər.