Keçmiş proqramçı WikiLeaks-ə məlumat ötürdüyünə görə 40 il həbsə məhkum edilib

Coşua Şultenin məhkəməsi

ABŞ-da məhkəmə Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş proqramçısı Coşua Şulteni (Joshua Schulte) WikiLeaks saytına informasiya ötürdüyünə və uşaq pornoqrafiyası saxladığına görə 40 il həbsə məhkum edib.

Şulte casusluq, kompüterlərə müdaxilə, məhkəməyə hörmətsizlik, FTB-yə yalan ifadə vermə və uşaq pornoqrafiyası ilə bağlı cinayətlərdə təqsirli bilinib.

Prokurorlar 35 yaşlı Şulteyə ömürlük həbs istəmişdilər. Onlar proqramçının hərəkətini ABŞ tarixində "məxfi informasiyanın ən böyük sanksiyasız yayılması", informasiyanın yayılmasını isə "MKİ tarixində ən böyük hadisə" adlandırıblar.

Hökmə görə, Şulte MKİ-nin məxfi materiallarını anonim mənbələrdən informasiya yayan WikiLeaks təşkilatına ötürüb.

WikiLeaks-in 2017-ci ildə yaydığı silsilə materiallarda MKİ-nin xarici siyasətçiləri, şübhəli ekstremistləri və başqalarını kompüterlərinə, elektron cihazlara müdaxilə, eləcə də smart-televizorlarla izlədiyi iddia olunub.

Prokurorlar onu da müəyyənləşdirib ki, Şulte uşaqlara qarşı cinsi zorakılığın minlərlə şifrəli təsviri və videoyazısını saxlayıb.