Danimarka Aİ-nin müdafiə siyasətinə qoşulur

Mette Frederiksen

Avropa Komissiyasının başçısı Ursula von der Leyenin sözlərinə görə, bu qərar təkcə Danimarkanın deyil, Aİ-nin də xeyrinədir

Danimarka Avropa İttifaqının (Aİ) ümumi müdafiə siyasətinə qoşulacaq. İyunun 1-də keçirilən referendumda danimarkalıların üçdə ikisi bu təşəbbüsü dəstəkləyib, 33 faiz əleyhinə səs verib.

Səsvermənin nəticələrini iyunun 1-də axşam Baş nazir Mette Frederiksen açıqlayıb.

Rusiya Ukraynaya təcavüzə başlayandan sonra İsveç və Finlandiya NATO-ya daxil olmaq niyyətini açıqlayanda Danimarka da referendum qərarı verib.

Danimarka “NATO və Avropadakı müttəfiqlərinə, eləcə də Rusiya Prezidenti Vladimir Putinə çox aydın siqnal verdi”, – baş nazir deyib.

“Putin azad və müstəqil ölkəyə girərək Avropada sabitliyə təhdid yaradanda bir-birimizə dəstəyi gücləndiririk”, – Mette Frederiksen vurğulayıb.

Avropa Komissiyasının başçısı Ursula von der Leyenin sözlərinə görə, bu qərar təkcə Danimarkanın deyil, Aİ-nin də xeyrinədir.

NATO üzvü Danimarka son 30 ildə Aİ-nin yeganə üzvüydü ki, ümumi müdafiə siyasətinin formalaşdırılmasına qatılmırdı. İndi isə Kopenhagen Aİ-nin hərbi missiyalarına əsgər göndərə, müdafiə proqramlarını maliyyələşdirə, yeni silahların hazırlanmasında iştirak edə bilər.