Milyarder Oleq Deripaska: Rusiya gələn il pulsuz qalacaq

Oleq Derpaska (sağda) və Vladimir Putin (Arxiv fotosu)

Rusiyalı milyarder Oleq Deripaska Krasnoyarskda keçirilən iqtisadiyyat forumunda deyib ki, əgər Rusiyaya xarici investorlar gəlməsələr, ölkə artıq gələn il pulsuz qalacaq:

"Pulla bağlı artıq ciddi problemlər var. Ona görə də biznes yarpaq kimi əsir”.

Deripaska əlavə edib ki, “dost ölkələrdən” xarici investorların cəlb olunması və bazarın Asiyaya mümkün keçirilməsi üçün “qanunun aliliyi və müəyyənlik” son dərəcə mühümdür:

"Əgər biz hər hansı problemlərlə bağlı hər rübdə oyun qaydalarını dəyişsək, bizə heç kim inanmayacaq: nə rusiyalı, nə xarici investorlar”.

Milyarderin sözlərinə görə ölkədə iqtisadi vəziyyət “çox mürəkkəb və qeyri-müəyyəndir” və ən azı 2025-ci ilin ortalarınadək belə qalacaq.

Buna da bax: Qərb Əmirlikləri Rusiyaya elektron mallar satmamağa çağırıb

“Belə incə məsələlər”

Deripaska çıxışında habelə məmurların və güc strukturları əməkdaşlarının sayını “üç-dörd dəfə” ixtisar etməyi təklif edib.

O bunların hazırkı sayının onsuz da “sanksiyaların ağır daşı” altında olan ölkəyə “ciddi yük” olduğunu bildirib.

Baza teleqram kanalı xəbər verir ki, çıxış vaxtı Deripaska ilə yanaşı oturan Krasnoyarsk qubernatoru “ixtisara hazır olduğunu” bildirib.

Amma o Deripaskaya məsləhət görüb ki, belə incə məsələləri belə açıq auditoriyada müzakirə etməsin.

Sizin brauzer HTML5-i dəstəkləmir

Kiyev Moskvanın ittihamını rədd edir, Baxumutun ətraf kəndləri boşaldılır

Sanksiyalar altında

“Rusiya alüminium” - RUSAL şirkətinin keçmiş başçısı Deripaska hazırda özünün təsis etdiyi “Bazovı element” şirkətində müşahidə şurasının sədridir.

O 2018-ci ildən bəri Vladimir Putinə yaxın şəxs kimi ABŞ sanksiyaları altındadır.

Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi başlanandan Deripaska habelə Avropa İttifaqı, Britaniya və bir sıra başqa ölkələrin sanksiya siyahılarına salınıb.

O bunun nəticəsində 2017-ci ildə aldığı Kipr vətəndaşlığından məhrum olub.

Belarusiyalı model Anastasiya Vaşukeviç (Nastya Rıbka)

2021-ci ildə Aleksey Navalnının komandasının dərc etdiyi hesabatda deyilirdi ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun qohumları Oleq Deripaskaya məxsus özəl təyyarələrdən, evlərdən və otellərdən istifadə edirlər.

Təhqiqat müəlliflərinin fikrincə bunun müqabilində Lavrov Deripaskanın maraqları üçün lobbiçilik edir.

Bundan əvvəl Navalnı daha bir təhqiqat videosu hazırlamışdı. Həmin videoda ovaxtkı baş nazir müavini Sergey Prixodkonun Deripaska ilə yaxtada istirahət etdiyi görünürdü.

Videodan bu da məlum olurdu ki, yaxtada Prixodko və Deripaska ilə birlikdə eskort agentliyinin işçisi Nastya Rıbka da olub.