Prezident ABŞ nümayəndəsi ilə Ermənistanla danışıqlardan danışıb

Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin nümayəndəsini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 20-də ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunda dövlət katibi köməkçisinin müavini Coşua Hakı (Joshua Huck) qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə regionda sülhün və sabitliyin təmin edilməsi, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Əliyev Ermənistan ilə sülh müqaviləsi üzrə danışıqların davamı və tezliklə imzalanması ilə bağlı niyyətini bəyan edib.

Ermənistan baş naziri Nikol Paşinyan da üç gün öncə, oktyabrın 17-də Avropa Parlamentində demişdi ki, ölkəsi ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.

Buna da bax: Paşinyan Avropa Parlamentində alqışlandı: 'Mehridən yol açmağa hazırıq'

C.Hak yüksək səviyyəli rəsmilər, biznes ictimaiyyəti və vətəndaş cəmiyyəti ilə görüşmək üçün oktyabrın 15-dən regionda səfərdədir. Türkiyə, Azərbaycan və Ermənistanı əhatə edən səfər oktyabrın 27-nə kimi davam edəcək.

"O, regionda olarkən ABŞ-ın Cənubi Qafqazda davamlı və ləyaqətli sülhü dəstəkləmək işini davam etdirəcək", - ABŞ səfirliyinin məlumatında bildirilir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi imzalamayıb. (danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.