Güc orqanları İranla bağlı yeni saxlananların olduğunu açıqlayıb

Sizin brauzer HTML5-i dəstəkləmir

'Kərimə dövlət' sayıqlaması: 'İran 44 günlük savaşdan sonra taktikasını dəyişib'

Azərbaycanda "Kərimə" dövlətinin qurulması üçün yaradıldığı vurğulanan "müqavimətçi dəstə" üzvlərinin həbs edildiyi deyilir.

Bununla bağlı aprelin 6-da Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıblar.

İddia olunur ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən iki şəxs Azərbaycanda Tərtər rayonunun bir sakinini şirnikləndirici vədlərlə ələ alıb. Vurğulandığına görə, ona ölkədə silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan "Kərimə" dövlətinin qurulması məqsədilə "müqavimətçi dəstə" yaratmaq tapşırılıb.

Hüquq mühafizə orqanlarının açıqlamasına görə, həmin şəxs də bir neçə şəxsi bu işə cəlb edib.

Habelə vurğulanır ki, həmin saxlanılan şəxslər özlərini cəmiyyətdə "dindar" kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə İranın təbliğatını aparıblar. İddiaya görə, dəstə üzvləri, eyni zamanda, İrandan məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə olunan külli miqdarda pulu Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinə xərcləyiblər.

Hələlik, rəsmi açıqlamaya müdafiə tərəfinin və İranın Azərbaycandakı səfirliyinin münasibəti bəlli deyil.

Sizin brauzer HTML5-i dəstəkləmir

Mediada 'casus' damğası. Amma rəsmi ittiham narkotik. Ailələr hər iki iddianı yalanlayır

Azərbaycan-İran münasibətlərində gərginlik səngimir

Son illər Azərbaycan və İran arasında qarşılıqlı ittihamlar eşidilməkdədir. Hələ ötən il noyabrın 14-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bildirmişdi ki, İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib. Bununla bağlı beş Azərbaycan vətəndaşının həbs edildiyi bildirilirdi.

Həmin dönəm İranın İnformasiya və Kəşfiyyat Nazirliyinin yaydığı məlumatda isə iddia olunurdu ki, oktyabrın 26-da bu ölkənin Şiraz şəhərindəki məsciddə törədilən terror aktının koordinatoru Azərbaycan vətəndaşıdır: "Həbs edilənlərin heç biri iranlı deyil. Bunlar Azərbaycan Respublikasının, Tacikistan və Əfqanıstanın vətəndaşlarıdır".

Hücumda azı 15 nəfərin həlak olduğu deyilirdi.

Bu il yanvarın 27-də isə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum oldu. Səfirliyin bir əməkdaşı həlak oldu, ikisi yaralandı. Bundan sonra Azərbaycan səfirliyin işçilərini təxliyə etdi. İran silahlı hücumun araşdırılacağını bəyan edib.