Keçmiş vəkil Elman Paşayev Moskvada saxlanılıb 

Elman Paşayev

Moskvada hüquq-mühafizə orqanları əməkdaşları vəkil statusundan məhrum edilmiş Elman Paşayevi saxlayıblar. Ona qarşı xüsusilə böyük məbləğdə dələduzluq maddəsi ilə cinayət işi qaldırılıb. Məlumatı İstintaq Komitəsi yayıb.

İstintaq materiallarına görə, Paşayev bloger Yelena Blinovskayanın əri Alekseyə “böyük pul mükafatı” qarşılığında cütlüyün cinayət məsuliyyətindən azad olunmasında kömək vəd edib. Keçmiş vəkilin Blinovskidən “xüsusilə böyük məbləğdə” pul vəsaiti aldığı iddia edilir. Ancaq Paşayevə hansı məbləğin verildiyi açıqlanmır.

İnstagram blogeri Yelena Blinovskaya “Arzular marafonu” şəxsi kurslarının müəllifidir. Onun hesabına milyonlarla adam yazılıb. Blinovskaya özünü “motivasiya spikeri” adlandırıb. Rusiya hakimiyyəti onu vergidən yayınmada, qanunsuz gəlirləri leqallaşdırmaqda ittiham edir. Blogerin təxminən milyard rubl vergi borcu olduğu iddia edilir, ona qarşı məhkəmə davam edir. Onun həyat yoldaşı isə cinayət yoluyla əldə olunmuş gəlirlərin leqallaşdırılmasında, vergidən yayınmada əlbirlikdə ittiham olunur. O, Rusiyanın Ukraynadakı təcavüzkar müharibəsində iştirak edib.

Elman Paşayev Moskvada ölümlə nəticələnmiş yol qəzasına görə 8 il azadlıqdan məhrum edilmiş aktyor Mixail Yefremovu müdafiə edib. Yefremov hökm çıxarılandan dərhal sonra onun xidmətlərindən imtina edib.

Bundan öncə Paşayev bir neçə dəfə vəkil statutusundan məhrum edilib, həmçinin dələduzluğa görə mühakimə olunub.