Ərdoğan deyir ki, Türkiyə NATO-nun İsraillə əməkdaşlıq səylərini dəstəkləmir

Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 12-də deyib ki, NATO-nun İsrail administrasiyası ilə tərəfdaşlığı davam etdirməsi mümkün deyil.

"Fələstində hərtərəfli, davamlı sülh bərqərar olmayanadək Türkiyə NATO daxilində İsraillə əməkdaşlıq səylərini dəstəkləməyəcək", - Ərdoğan NATO sammitində mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə Rusiya-Ukrayna müharibəsini bitirməyə yönəlik diplomatik səylərini də davam etdirir.

Suriya ilə əlaqələr, F-16 satışı

Ərdoğan onu da deyib ki, xarici işlər naziri Hakan Fidana Suriya ilə əlaqələrin bərpasına başlamaqdan ötrü Suriya prezidenti Bəşər Əsədlə görüşməyi tapşırıb. Türkiyə prezidenti ötən bazar günü- iyulun 7-də demişdi ki, Ankara iki qonşunun əlaqələrinin bərpası üçün mümkün danışıqlardan ötrü Əsədə "istənilən vaxt" dəvətnamə göndərəcək.

Türkiyəyə F-16 satışına gəlincə, Ərdoğan deyib: "(ABŞ prezidenti Co) Bayden ilə danışdım. O dedi ki, bu problemi üç-dörd həftəyə həll edəcək".

Martda ABŞ Senatı Türkiyəyə 23 milyard dollarlıq F-16 qırıcıları və modernləşdirmə dəstlərinin satışını dayandırmaq təklifini rədd edib. Türkiyə İsveçin NATO üzvlüyü qarşısından maneəni qaldırdıqdan sonra Bayden administrasiyası Türkiyəyə F-16-ların satışına icazə vermişdi.

YPG məsələsi

Ərdoğan terrorçuluğa qarşı mübarizədə NATO müttəfiqlərindən həmrəylik gözlədiyini sözlərinə əlavə edib. O, müttəfiqlərdən bəzilərinin Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriyadakı qanadı - PYD/YPG ilə münasibətini qəbul edə bilmədiklərini vurğulayıb.

Türkiyə YPG-ni PKK-ya bağlı terror təşkilatı sayır. Onun Qərb müttəfiqləri PKK-nı terrorçu siyahısına salsalar da, YPG–ya qarşı bu addımı atmayıblar.

Ərdoğan onu da deyib ki, Türkiyənin məqsədi Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) sadəcə müşahidəçi deyil, daimi üzv olmaqdır.

ŞƏT 2001-ci ildə Rusiya, Çin, Orta Asiya ölkələri tərəfindən Qərb alyanslarına qarşı təhlükəsizlik, siyasi və iqtisadi ittifaq kimi yaradılıb.