Erdoğan Putinlə Ukraynadan danışıb

Türkiyə və Rusiya prezidentləri Recep Tayyip Erdoğan (sağda) və Vladimir Putin (Arxiv fotosu)

Erdoğan bəyan edib ki, Türkiyə İstanbulda Ukrayna, Rusiya və BMT-nin iştirakilə görüş keçirməyə hazırlaşır

Türkiyə prezidenti Recep Tayyip Erdoğan mayın 30-da rusiyalı həmkarı Vladimir Putinlə telefonda danışıb.

Erdoğan bəyan edib ki, Türkiyə İstanbulda Ukrayna, Rusiya və BMT-nin iştirakilə görüş keçirməyə hazırlaşır.

Türkiyə prezidenti əlavə edib ki, Kiyev və Moskva arasında razılaşma əldə olunarsa, Ankara bu prosesdə müşahidəçi ola bilər.

Erdoğan və Putin habelə Suriyanın şimalındakı vəziyyəti müzakirə ediblər.

Türkiyə bu ərazidə hərbi əməliyyat keçirməyə hazırlaşdığını bildirir.

Buna da bax: Aİ Rusiya neftinə qismən embarqo qoyur

Türkiyə ilə koordinasiyada

Putin Erdoğanla telefon söhbətindən sonra deyib ki, Rusiya Türkiyə ilə koordinasiyada Ukrayna taxılının dəniz limanlarından maneəsiz daşınmasını təşkil edə bilər.

Bu barədə məlumat Kremlin rəsmi saytında dərc olunub:

"Ukraynadakı vəziyyətin müzakirəsi zamanı Qara və Azov dənizlərində təhlükəsiz naviqasiyanın təmin edilməsi və dəniz minalarının təmizlənməsinə xüsusi diqqət verilib. Vladimir Putin qeyd edib ki, Rusiya tərəfi Türkiyə ilə koordinasiyada malların daşınması üçün maneəsiz dəniz tranzitini təşkil edə bilər. Bu, həmçinin Ukraynanın taxıl ixracatına aiddir”.

Putin əlavə edib ki, Moskvanın üzərindəki sanksiyalar qaldırılsaydı Rusiya əhəmiyyətli həcmdə gübrə və kənd təsərrüfatı məhsulu ixrac edə bilərdi.

O deyib ki, Rusiyada bu yay rekord taxıl məhsulu gözlənilir. Onun sözlərinə görə Rusiya yay aylarında 87 milyon ton taxıl ixrac edə bilər.

Reuetrs yazır ki, söhbətin Ukraynanın hansı portlarından getdiyi məlum deyil. Ukrayna öz taxılını Çernomorsk, Nikolayev, Odessa, Xerson və Yujnı limalarından ixrac edir.

Bundan əvvəl qlobal ərzaq böhranının qarşısını almağa çalışan BMT də Ukraynanın taxıl ixracını bərpa etmək üçün sətylər göstərirdi.