Ermənistanda qadınlar üçün 'könüllü-icbari' hərbi xidmət (Video)

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistanda qadınlar hərbi xidmət keçəcək. 2500 dollar alacaqlar

Ermənistanda “qadın cinsindən olan vətəndaşlar üçün könüllülük əsasında icbari hərbi xidmət sistemi” tətbiq olunacaq.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistanın müdafiə naziri Suren Papikyan bu barədə hökumət tərəfindən təsdiq olunmuş qanun layihəsini aprelin 21-də Milli Məclisə təqdim edib.

Qadınlar üçün hərbi xidmət müddəti 6 ay nəzərdə tutulur.

Hərbi xidmət üçün müraciət edənlər bu müraciətdən çağırış gününə qədər imtina edə bilərlər.

Papikyan “könüllü əsasda icbari hərbi xidmət” formulunun açıqlamasını da verib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistanda həlak olmuş əsgərlərin ailələri ədalətli istintaq tələb edir

“Könüllü icbari”nin açımı

O deyib ki, bu xidmət çağırış gününə qədər könüllü, çağırışdan sonra isə icbaridir:

“Xidmətə çağırılan qadın cinsinin nümayəndələri püşksüz olaraq hərbi hissələrə göndəriləcək və xidməti müstəsna olaraq həmin hərbi hissələrdə keçəcəklər. 6 aylıq təlim müddəti başa çatandan və ya sağlamlığa görə vaxtından əvvəl tərxisdən sonra hərbi qulluqçulara 1 milyon dram (2500 dollar) məbləğində məvacib veriləcək. Sağlamlığa görə vaxtından əvvəl tərxis olunanlar üçünsə bu məbləğ altıya bölünəcək və nəticə xidmət edilmiş ayların sayına vurulacaq”.

Bundan başqa qadın hərbçilərə 6 aylıq icbari xidmətdən sonra 5 il müddətinə “Vətənin keşikçisi” proqramı çərçivəsində müqaviləli xidmət imkanı veriləcək.

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, “ölkənin və ordunun tarixində yeni səhifə” açılır:

“Bizim məntiqimiz bundan ibarətdir ki, bu, hərbi hissədə gəzinti yox, normal xidmət olacaq”.

İndi qanun layihəsi parlamentdə qəbul olunmalıdır.