Fərrux yüksəkliyində meyitlər aşkarlanıb

Fərrux kəndində insan skeletləri aşkarlanıb

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirir ki, Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb.

Bununla bağlı Komissiya martın 21-də məlumat yayıb.

"28 mart 2022-ci il tarixdə Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb. Adı çəkilən yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir", - məlumatda vurğulanır.

Komissiya əlavə edir ki, meyit qalıqları ərazidən götürülərək ekspertizanın aparılması üçün aidiyyəti üzrə təhvil veriləcək: "Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər (siyahı əlavə edilir) Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi qeydiyyata alınıb".

Dövlət Komissiyasında qeydiyyatından keçən itkin düşmüş şəxslərin ümumi sayı 3 min 890-a bərabərdir. Onlardan 3 min 171 nəfərinın hərbi qulluqçu, qalanlarının mülkü şəxs olduğu deyilir.

Fərrux yüksəkliyi

Bu il martın 24-də Xocalı rayonunun Fərrux və Pirlər kəndində vəziyyət gərginləşib. Ermənistan Azərbaycan qüvvələrinin təmas xəttini pozduğunu deyib. Azərbaycan isə öz ərazisində dislokasiya apardığını bildirib. Rusiya Müdafiə Nazirliyi də martın 27-də bildirmişdi ki, danışıqlar nəticəsində Azərbaycan tərəfi Fərrux ərazisindən bölmələrini çıxarıb. Amma Azərbaycanın Müdafiə Nazirliyi həmin məlumatı təkzib etmişdi. Məlumatda vurğulanmışdı ki, Azərbaycan Ordusunun Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Fərrux kəndindən ziddiyyətli xəbərlər

AzadlıqRadiosunun erməni xidməti – "Azatutyun" isə martın 29-da Qarabağdakı Rusiya sülhməramlı kontingentinin Telegram-kanalına istinadən yazıb ki, Rusiya sülhməramlı missiyasının komandanlığı ehtiyat qüvvələrini Fərrux kəndi sahəsində cəmləşdirmək qərarı qəbul edib. Rusiya tərəfinin verdiyi məlumata görə, bu yaşayış məntəqəsi hazırda sülhməramlı missiyanın nəzarətindədir. Amma bu məlumata, hələlik, Azərbaycan tərəfindən münasibət almaq mümkün olmayıb.

Xatırlama

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 (9) noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlılarının yerləşdiyi açıqlanıb. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.