Gürcüstanda hakim partiya LGBT-yə qarşı…

Tbilisidə LGBT-prayd

Gürcüstan qanunverici orqanının yaz sessiyasının sonuna kimi hakim "Gürcü Arzusu" Partiyasından olan parlament çoxluğu "yetkinlik yaşına çatmayanlar arasında LGBT təbliğatına qarşı və ailə dəyərlərinin qorunması üçün" adı altında 19 qanun qəbul etməyi planlaşdırır. Bu barədə parlamentin spikeri Şalva Papuaşvili brifinqdə məlumat verib.

Onun sözlərinə görə, qanunlardan biri ilə Gürcüstanda yeni dövlət bayramı - hər il mayın 17-də qeyd olunacaq "Ailə müqəddəsliyi günü" təsis ediləcək. Həmin gün dünyada Homofobiya və transfobiya ilə Mübarizə Günü qeyd olunur.

Digər qanun layihələri ilə dövlət qurumlarında və özəl şirkətlərdə "ana", "ata" ifadələrinin sərbəst istifadəsinə hər hansı məhdudiyyət qadağan olunur. Bundan əlavə, xüsusi komissiya filmlər, tamaşalar, rəsmlər də daxil hər hansı bir bədii əsərdə müəlliflərin "eyni cinsli münasibətləri və ya insesti" təbliğ etməmələrinə göz qoyacaq. Müvafiq məzmun dərhal çıxarılacaq, göstərilməsi və yayılması qadağan ediləcək.

Ötən illərdə Gürcüstanda hər dəfə dini fanatiklərin şiddətli müqaviməti ilə üzləşən və zorakılıqla müşayiət olunan LGBT yürüşləri indi "LGBT həyat tərzini təbliğ etmək" kimi qanunla qadağan ediləcək.

Papuaşvilinin sözlərinə görə, ayrıca qanun layihəsi "kişi ilə qadın arasında birlik" istisna olmaqla, evliliyə alternativ hər hansı bir əlaqənin qeydə alınmasını qadağan edir. "Gürcü arzusu" hələ 2017-ci ildə konstitusiyaya müvafiq düzəliş təqdim edib.

Ayrı bir qanun layihəsi "cinsi dəyişdirmək üçün hər hansı tibbi manipulyasiyanı" qadağan edir və vətəndaşlardan sənədlərində genetik profillərinə uyğun gələn cinsi göstərmələri tələb olunur. Eynicinsli cütlüklər birliklərini qeydiyyatdan keçirə və uşaq böyüdə bilməyəcəklər.

Müxalifət konstitusiya dəyişikliklərinin, eləcə də LGBT-lərə qarşı qanunvericilik paketinin müzakirəsində iştirak etmir, hakimiyyətin təşəbbüsünü "uydurma" və "qeyri-aktual" adlandırır. Bununla belə, Gürcüstan cəmiyyətinin mühüm hissəsinin mövzuya münasibətini nəzərə alaraq, qərbyönlü müxalifət partiyaları bu yaxınlarda qəbul edilmiş "xarici agentlər" haqqında qanuna etirazlardan fərqli olaraq, hazırda həddindən artıq fəal etirazlardan çəkinirlər.