Gürcüstan sovet işğalı gününü ‘qara bayram’ kimi qeyd edib

Salome Zurabishvili kursantlar qarşısında çıxış edir

Gürcüstanda, fevralın 25-də, 1921-ci ildə ölkənin Rusiyanın Qırmızı ordusu tərəfindən işğal edilməsinin ildönümündə dövlət bayraqları yarıyadək endirilib.

Bu günü Gürcüstanda Sovet İşğalı Günü kimi qeyd edirlər.

Gürcüstan Demokratik Respublikası 1918-ci ilin mayından 1921-ci ilin fevralınadək mövcud olub.

25 fevral 1921-ci il tarixində Qırmızı ordunun Tbilisiyə daxil olması ilə ölkədə sovet hakimiyyəti elan edilib.

25 fevral 1921 - Tbilisinin işğalı

Ölkə o vaxtdan Gürcüstan Sovet Sosialist Respublikası adlandırılıb.

Gürcüstanın yeni bolşevik hökumətinə Filipp Makharadze rəhbərlik edirdi.

2008-ci ildə Rusiya və Gürcüstan arasında beş gün davam edən qısa müharibədən iki il sonra, 2010-cu ilin iyulunda Gürcüstan parlamenti 25 fevralın Sovet İşğalı Günü elan edilməsi barədə qanunu qəbul edib.

Fevralın 25-də prezident Salome Zurabishvili Gürcüstan milli ordusunun komandanı general Giorgi Kvinitadzenin və 1921-ci ilin fevralında Tbilisinin müdafiəsi zamanı həlak olanların abidəsi önünə əklil qoyub.

General Giorgi Kvinitadze

Prezident Zurabishvili Gürcüstanın Qori şəhərindəki Milli Müdafiə Akademiyasının müdavimləri qarşısında çıxış edərkən deyib:

“25 fevral məğlubiyyət günü deyil, çünki onun ardınca qələbə gəlib və 1991-ci ildə müstəqilliyimiz bərpa olunub”.

Bolşeviklərin Qırmızı ordusu 1921-ci il, fevralın 25-də Tbilisini fəth edənədək burada gedən ağır döyüşlərdə çox sayda əsgər və zabitlər həlak olub.

Milli geyimli gürcülər xatirə mərasimində

Rusiyanın XI Qırmızı Ordusu bundan əvvəl 1920-ci ilin 28 aprelində Bakını tutmuş və Azərbaycanın müstəqilliyinə son qoyduqdan sonra Gürcüstana doğru irəliləmişdi.

Həftələrlə davam edən ağır döyüşlərdən sonra Gürcüstanın demokratik yolla seçilmiş parlamenti 1921-ci il, martın 18-də Batumidə özünün son sessiyasını keçirib.

Gürcüstan hökuməti elə bu iclasda hamılıqla mühacirətə getməyi qərara alıb.

Gürcüstan hökuməti bolşeviklərlə heç bir təslim aktı imzalamayıb və Sovet İttifaqının legitimliyini heç vaxt tanımayıb.