Azərbaycan yeni təcavüzə doğru gedir - Ermənistan XİN

CAESAR

Müasir hərbi texnika ilə silahlanmış orduya malik olmaq hər bir ölkənin suveren hüququdur.

Bunu Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Bakının Fransa ilə bağladıqları yeni silah sazişi ilə əlaqəli tənqidinə cavab olaraq bildirib.

Ermənistan və Fransa iyunun 18-də CAESAR artilleriya sistemlərinin alınması ilə bağlı müqavilə imzaladıqlarını açıqlayıblar.

Bakı bu sövdələşməni pisləyib və bildirib ki, "Cənubi Qafqazda yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq".

Rəsmi Yerevan Azərbaycanın hər fürsətdə regional eskalasiyanı proqnozlaşdırmaq praktikasından narahat olduğunu bildirib: "Bu, bir sıra beyin mərkəzləri ekspertlərinin təhlilini təsdiqləyir ki, Azərbaycan 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 sammitinin sonunda Ermənistana yeni təcavüzə başlamaq məqsədilə onunla sülh sazişi bağlamaq prosesini pozmaq üçün hər şeyi edəcək".

Rəsmi Bakının ittihamına Fransa rəsmilərinin münasibəti, hələlik, bəlli deyil.

Azərbaycan XİN Ermənistan XİN-ə cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-in bəyanatına cavab verib.

"Kütləvi silahlanma siyasətinin Ermənistanın suveren hüququ olması barədə iddia ilə əlaqədar qeyd edək ki, məhz nəyə görə Ermənistan tərəfindən bu addımların atılmasının qeyri-legitim olduğu və ölkəmizə qarşı təhlükə yaratdığı hər kəsə məlum olmalıdır", - cavab açıqlamasında qeyd edilir.

Vurğulanır ki, "30 il ərzində məhz beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, qonşularına qarşı ərazi iddialarını davam etdirən, təcavüzkar əməllərini məhz Azərbaycanın atdığı addımlar nəticəsində dayandıran Ermənistanın sülhpərvər ölkə imici yaratması siyasi manipulyasiyadır".

18 iyun

Fransa Ermənistana CAESAR haubitsaları verəcək

Yerevan və Paris Fransanın CAESAR özüyeriyən artilleriya qurğusunun tədarükünə dair müqavilə imzalayıblar, - Fransanın müdafiə naziri Sebastyan Lekornyu X sosial şəbəkəsində bildirib.

"Biz Ermənistanla müdafiə əlaqələrimizi gücləndirməyə davam edirik. Həmkarım Suren Papikyanla səmimi və məhsuldar söhbətim oldu. Yeni mühüm mərhələ CAESAR toplarının alınması üçün kontraktın imzalanmasıdır", - Lekornyu vurğulayıb.

CAESAR - zirehli kabinli "Renault Sherpa 10" yük maşını şassisinə quraşdırılmış 155 mm-lik haubitsadır. Ən müasir mərmilərdən istifadə edərkən uçuş məsafəsi 55 kilometri keçə bilir. Ukraynada davam edən müharibədə fəal istifadə olunur.

16 aprel

Hindistan Ermənistana silah satmasından Azərbaycanın narazılığına cavab verib

Hindistanın Bakı və Yerevanla yaxşı əlaqələri var, lakin Yeni Dehli də müdafiə təyinatlı məhsullarının ixracını təşviq etməyi düşünür. Bunu aprelin 25-i brifinqdə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caysval ölkəsinin Ermənistana silah tədarük etməsi ilə bağlı Azərbaycanın tənqidlərinə dair sualı cavablandırarkən deyib.

"Bizim həm Azərbaycan, həm də Ermənistanla çox yaxşı münasibətlərimiz var, lakin biz Hindistanın müdafiə ixracatını təşviq etmək siyasətini də həyata keçiririk", - Caysval bildirib.

Aprelin 23-də Bakıda keçirilən beynəlxalq konfransda Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Bakı Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı Azərbaycana qarşı necə silahlandırdığını görüb, sakit oturub gözləyə bilməz: "Biz, sadəcə, oturub gözləyə bilmərik və biz bu mövqeyi Ermənistan hökumətinə, indi Ermənistanın qayğısına qalmaq istəyənlərə açıq şəkildə bildiririk. Bizə qarşı ciddi təhlükə görsək, ciddi tədbirlər görməli olacağıq".

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistanın yeni aldığı deyilən antidron sistemləri necə işləyir?

Yunanıstanın müdafiə naziri Nikos Dendias martın 4-də Yerevanda olarkən Ermənistan-Yunanıstan-Fransa-Hindistan arasında hərbi sahədə dördtərəfli əməkdaşlığı istisna etməyib.

Hindistanın ANI agentliyinin məlumatına görə, Ermənistan Hindistandan ümumi dəyəri 600 milyon dollar olan 15 ədəd "Akaş" zenit-raket kompleksi alıb.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi üzündən Azərbaycan və Ermənistan arasında zaman-zaman hərbi toqquşmalar baş verib. Hazırda iki ölkə arasında sülh danışıqları aparılır.