Bakıda İran əleyhinə aksiya olub

İranın Bakıdakı səfirliyinin qarşısında etiraz

Aksiyada saxlananlar buraxılıb

Müsavatdan AzadlıqRadiosuna bildiriblər ki, aksiyada saxlanılan bütün partiya üzvləri sərbəst buraxılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə danışmaq mümkün olmayıb.

+++

Noyabrın 15-də İranın Bakıdakı səfirliyinin qarşısında Müsavat Partiyası fəalları etiraz aksiyası keçirməyə cəhd ediblər.

Aksiya ilə bağlı müraciətə Bakı Şəhər İcra Hakimiyyətinin Aparatı müsbət cavab vermədiyini əsas gətirən polislər onun keçirilməsinə maneələr yaradıblar.

Aksiya iştirakçıları Axundov bağının yanında "Azadlıq, Ədalət, Milli hökumət", "Rədd olsun molla rejimi" kimi şüarlar səsləndiriblər.

Polis əməkdaşları aksiya iştirakçılarının səfirliyə yaxınlaşmasına imkan verməyib. Polislər onları saxlayaraq polis avtobuslarına və avtomobillərinə mindirib.

Aksiya zamanı partiyanın başqanı Arif Hacılının da saxlanıldığı bildirilir.

Təşkilatçıların vurğulamasına görə, aksiya zamanı ümumilikdə 30 civarında şəxs saxlanaraq naməlum istiqamətə aparılıb.

Hələlik, aksiyaya İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Son aylar İranın müxtəlif bölgələrində, o cümlədən azərbaycanlıların sıx yaşadığı Təbrizdə etirazlar baş verir. İranda insan haqlarını monitorinq edən qurumların məlumatına görə, etirazçılara divan tutulması nəticəsində 350-yə yaxın şəxs öldürülüb. Etirazlara səbəb kimi sentyabrın 13-də hicab qaydasını pozduğu iddiası ilə Tehranda əxlaq polisinin saxladığı Məhsa Əmininin ölümü göstərilir. O, təcridxanaya aparılandan bir müddət keçmiş komaya düşüb və üç gün sonra xəstəxanada ölüb.

İranda hicab islam inqilabından (1979) sonra qadınlar üçün məcburi geyim kodeksi elan edilib.

Avropa İttifaqı bundan sonra İranda bəzi rəsmi şəxslərə sanksiyalar açıqlayıb.