FSB mühacirətdə yaşayan müxalifətçini vətənə xəyanətdə ittiham edir

İlya Ponomaryov

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Kiyevdə yaşayan rusiyalı müxalifətçi İlya Ponomaryova vətənə xəyanət və terrorçu təşkilatda iştirak ittihamı irəli sürüb. Dövlət Dumasının keçmiş üzvü Ponomaryov prezident Vladimir Putinin Ukraynadakı müharibəsinə qarşı çıxır.

Ponomaryov fevralın 4-də Facebook postunda ittihamları təsdiqləyib. Onun sözlərinə görə, FSB "düşmən tərəfə keçməklə fərarilik və terrora çağırışda iştirak etmək formasında vətənə xəyanət" daxil olmaqla, bir prosedurda birləşdirməklə bir neçə cinayət işi açıb.

"Yeri gəlmişkən, mən də putinizmə qarşı mübarizənin bütün formalarını bir prosedurda birləşdirmişəm. Nə isə mənə deyir ki, mənim effektliliyim daha yüksək olacaq", - o, Kremlə lağ edərək deyib.

Ponomaryov bir il öncə Daxili İşlər Nazirliyinin şübhəli terrorçular və ekstremistlər siyahısına salınmışdı. Adətən siyasi opponentlərə qarşı bu addıma əl atılır.

Krımın ilhaqından sonra dəyişən həyat

48 yaşlı Ponomaryov Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndə Dumada buna qarşı səs verən yeganə deputat olub.

O, 2014-cü ildə Rusiyadan ABŞ-a gedib, daha sonra Ukraynaya köçüb, vətəndaşlıq alandan sonra orada yaşayır.

İndi harada olması dəqiq bəlli deyil. Amma Facebook postunda onun Berlində olduğu göstərilib.

2022-ci ilin avqustunda Moskvada məhkəmə Ponomaryov barəsində Rusiya silahlı qüvvələrinin gözdən salınması ittihamı üzrə həbs orderi çıxarıb. Bu ittiham onun "Azad Rusiya" YouTube kanalında Ukraynadakı müharibəni kəskin pisləməsindən sonra irəli sürülüb.

FSB bəyanatında bildirir ki, İstintaq İdarəsi bir neçə ittiham üzrə işləri bir cinayət işində birləşdirib. İttihamlar "düşmənlə əlbir olmaqla vətənə xəyanət", "Rusiya qanunları ilə terrorçu sayılan təşkilatın işində iştirak" və "Rusiyanın təhlükəsizliyinə qarşı fəaliyyətə açıq internet çağırışları"dır.