İstanbulda türkmən fəallara hücum olduğu deyilir

İstanbulda türkmən fəalların etirazı

Mühacirlərdən bəziləri Türkiyə hakimiyyətinin bu il yerli türkmən icmasına təzyiqi gücləndirdiyini bildirir

İnsan haqları qruplarının məlumatına görə, oktyabrın 11-də Türkiyənin İstanbul şəhərində naməlum şəxslər iki türkmən fəala və bir ziyarətçiyə hücum ediblər. Hadisə qaranlıq düşəndən sonra, həmin şəxslər türk mədəniyyət təşkilatının ofisindən çıxarkən baş verib.

“Memorial” İnsan Haqları Mərkəzi və Bolqarıstanda yerləşən Türkmən Helsinki İnsan Haqları Fondu hücuma məruz qalanlardan ikisinin başından zədələndiyini, birinin burnunun sındığını bildirirlər.

Buna da bax: Türkmən fəal İstanbuldan deportasiya oluna bilər

Varşavaya tədbirə gedəcəkdi

Yerli Oğuz mədəniyyət cəmiyyətinin rəhbəri Nurməhəmməd Annayevin telefonu və sənədləri oğurlanıb.

Annayev oktyabrın 14-15-də Varşavaya ATƏT/DTİHB-nin tədbirinə getməliydi. Orada onun Türkmənistan hökumətini tənqid edəcəyi gözlənirdi.

Prezident Qurbanqulu Berdiməhəmmədov administrasiyası narazılara sərt nəzarət edir, siyasi tənqidçilərinə işgəncə verməkdə, qanunsuz həbsə atdırmaqda ittiham olunur.

Memorial hücum edənlərdən birinin beşbarmaqdan, yaxud bənzər silahdan istifadə etdiyini bildirir.

Polis insidenti araşdırdığını bəyan edib.

Buna da bax: Türkmənistanın vətəndaş cəmiyyəti DST-dən imdad diləyir

Ankaranın məqsədi

Hadisədən məlumatlı fəallar deyirlər ki, hücum edənlərdən biri avqustun 1-d İstanbulda türkmən etirazçıları döyən kişiyə bənzəyib.

Memorial dəfələrlə Türkmənistanda və xaricdə türkmən fəalların təqibinə son qoymağa çağırıb.

Ancaq Türkiyədə yaşayan türkmən mühacirlərə, avtoritar Berdiməhəmmədovun tənqidçilərinə hücumlar davam edir.

Mühacirlərdən bəziləri Türkiyə hakimiyyətinin bu il yerli türkmən icmasına təzyiqi gücləndirdiyini bildirir.

Onların iddiasına görə, Ankaranın məqsədi Aşqabadı Türk Şurasına qoşulmağa sövq etməkdir. Bu təşkilata Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan daxildir.