‘Bugün Azərbaycan enerji təhlükəsizliyində daha vacib rol oynayır’

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid

Dövlət katibinin köməkçisi qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinə görə,  bugün Azərbaycan enerji təhlükəsizliyində daha vacib rol oynayır

“Azərbaycanda demokratiyanı, müstəqilliyi dəstəkləyən ölkələr arasında Amerika Birləşmiş Ştatları ən önəmlisidir”

Bunu iyunun 16-da Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid mətbuat konfransında bildirib.

O, səfərinin ilk günü, iyunun 15-də prezident İlham Əliyevlə görüşdüyünü xatırladaraq bildirib ki, prezident Bayden administrasiyası inteqrasiya və sülh üçün region ölkələri ilə işləməyə sadiqdir.

Onun sözlərinə görə, ABŞ Azərbaycanla enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndirir.

Dövlət katibinin köməkçisi qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinə görə, bugün Azərbaycan enerji təhlükəsizliyində daha vacib rol oynayır.

O, uzun illər münaqişə vəziyyətində olan Azərbaycan və Ermənistan arasında münasibətlərə də toxunaraq vurğulayıb ki, bu iki ölkə arasında sülhə nail olmaq üçün müxtəlif elementlər var:

"Bu elementlər arasında kommunikasiya, tranzit əlaqələri vacibdir və hazırda bu elementlər danışıqların önəmli hissəsini təşkil edir. Mən ümid edirəm ki, hər iki ölkə bu məsələlərdə proqresə nail ola biləcək”.

İyunun 15-dən Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bir sıra görüşlər keşirib.

Buna da bax: 'Azərbaycan iqtidarı üçün balanslaşdırılmış siyasət çətinə düşüb'

Görüşlər…

O, rəsmilərdən prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramovla görüşərək Azərbaycanla Ermənistan arasında sülh danşıqları, enerji və bir sıra başqa məsələləri müzakirə edib.

ABŞ dövlət katibinin köməkçisi Karen Donfried habelə, vətəndaş cəmiyyətinin təmsilçilərindən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi təşkilatının rəhbəri Anar Məmmədli, “German Marshall” Fondunun ölkə üzrə məsləhətçisi Mehriban Rəhimli və hüquqşünas Şəhla Hümbətova ilə də görüşüb.

Bu görüşdə isə iştirakçıların bildirməsinə görə, Azərbaycanda insan hüquqlarının vəziyyəti, qanunun aliliyi, vətəndaş cəmiyyəti təşkilatları, siyasi partiyaların fəaliyyət imkanları və müstəqil medianın durumu ilə bağlı məsələlər nəzərdən keçirilib.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycandan Gürcüstana, oradan da Ermənistana getməlidir.