Krımda silah-sursat anbarında partlayış və yanğınlar olub

Krımda partlayıç və yanğın

Rusiyanın ilhaq etdiyi Krımın (Ukrayna ərazisi olan Krımı Rusiya 2014-c ildə ilhaq edib) Krasnoqvardeyski rayonunda pilotsuz təyyarənin hücumundan sonra silah-sursat anbarında yanğın və partlayışlar olduğu bildirilir.

Bir sıra Telegram kanalları tüstü və partlayışları əks etdirən videolar yayımlayır.

Partlayışların Oktyabrski qəsəbəsindəki hərbi aerodromda baş verdiyi vurğulanır. Təştiqlənməmiş məlumatlara görə, Krımın mərkəzi hissəsi sayılan bu ərazidə partlayışlardan sonra neft anbarı da yanmağa başlayıb.

Moskvanın Krıma rəhbər təyin etdiyi Sergey Aksyonov Ukraynaya məxsus pilotsuz uçan aparatının silah-sursat anbarına zərbə endirdiyini iddia edib.

İlkin məlumatlara istinad edən Aksyonov partlayışdan dağıntı və zərərçəkən olmadığını bildirsə də mediada partlayış olan ərazidə 5 kilometr radiusda əhalinin təxliyəsi elan edilib. Bundan başqa Krım dəmir yolunda hərəkətin dayandırıldığı da bildirilir. Hələki Ukrayna hərbçiləri bu hücumla bağlı xəbərləri şərh etməyiblər.

Moskva Krımdakı obyektlərə Qərb silahlarından hücumlar ediləcəyi halda “qərar vermə mərkəzlərinə zərbə endirmək”lə hədələyib. Amma bu zaman dronlarla hücumlara toxunulmayıb.

Bundan əvvəl, iyulun 19-na keçən gecə Krımın Kirovski rayonunda hərbi poliqonda və Starı Krım şəhəri yaxınlığında silah-sursat anbarı yanıb.

İyulun 17-nə keçən gecə bir neçə partlayış nəticəsində Krım körpüsü yenidən zədələnib.

Rusiya 2022-ciilin fevralında Ukraynaya hücum edib. 500 gündən çoxdur ki, müharibə davam etməkdədir.