Rusiyanın KTMT klubundan narazılar

Sizin brauzer HTML5-i dəstəkləmir

Yerevanda MDB-nin hərbi ittifaqına qarşı aksiya

Birliyin tezliklə üzvlərini itirəcəyi haqda söhbətlərdə əsasən Ermənistan və Qazaxıstanın adları çəkilir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu ilə enerjili başlayıb.

Moskvanın rəhbərliyi ilə qurulmuş, altı dövlətin qoşulduğu KTMT ilin əvvəlində prezident Qasım-Jomart Tokayevin xahişi və yenə Rusiyanın rəhbərliyi ilə Qazaxıstana daxil olub 200 nəfərin öldüyü siyasi etirazları yatırmağa kömək etdi.

Buna da bax: KTMT də sərhədə missiya göndərməyə hazırdır

Ən qəzəbli üzvlər

Bu, KTMT tarixində kollektiv müdafiə mexanizminin reallıqda ilk tətbiqi idi. Bunun ardınca blokun növbəti dəfə hara müdaxilə edəcəyi barədə suallar yaranmağa başladı.

Bu hadisələrin üstündən bir il keçməmiş bir zamanlar NATO-ya cavab olaraq yaradılmış Avrasiya birliyi kimi təqdim olunan blok ən çətin dövrlərindən biri ilə üz-üzədir.

Kremlin blokdakı beş tərəfdaşından yalnız Belarus Rusiyanın Ukraynaya hücumuna dəstək verib. Bunun ardınca Qərb Minskə də sanksiyalar tətbiq edib.

KTMT-nin Rusiyadan ən çox asılı iki ölkəsi – Ermənistan və Qırğızıstan üzləşdikləri sərhəd toqquşmaları zamanı birliyin onları dəstəkləməməsindən çox qəzəblidir.

Buna da bax: Qarabağda hüquq müdafiəçisi: 'Müharibənin nəticələrini, əsasən, Rusiya müəyyən etdi…'

Təlimlərin ləğvi

Ötən həftə Qırğızıstan öz ərazisində keçirilməli olan KTMT təlimlərini qəfildən ləğv edib. “Sarsılmaz qardaşlıq” adlı təlimlər oktyabrın 10-14-də keçirilməli idi.

Bundan öncə isə Qırğızıstan Prezidenti Sadır Japarov Rusiyanın rəhbərliyi ilə yaradılmış Müstəqil Dövlətlər Birliyinin (MDB) Sankt-Peterburq yığıncağına qatılmamışdı. Yığıncaq Putinin 70 yaşı tamam olan günə salınmışdı. Japarov Putini telefonla təbrik etməklə kifayətlənib.

Aqressivliyi ilə tanınan rusiyalı deputat Konstantin Zatulin yerli mediaya müsahibəsində hərbi təlimlərin ləğvindən danışarkən deyib ki, Qırğızıstan “Qərbin sanksiyalarının təsiri altına düşməməyə” çalışır.

Dumanın MDB komitəsinin sədr müavini olan Zatulinin fikrincə, Rusiyanın qonşuları “bizim nə qədər güclü olduğumuzu və Ukraynada necə qalib gələcəyimizi gördüklərindən” hazırda seçimlərini götür-qoy edirlər.

Ancaq Zatulin, əslində, Qırğızıstanın davranışının Qərb sanksiyaları ilə çox da bağlı olmadığını bilmiş olmalıdır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistanda kənd sakinləri itkin düşmüş əsgərə görə yolu bağlayıblar

“İstila”dan sonra...

Ötən ay Qırğızıstanla qonşu Tacikistan arasında sərhəd toqquşmasında 100-dək insan həyatını itirib. Bişkekin əsas xəbər agentliklərindən biri Düşənbənin hərəkətini “istila” adlandırıb.

Qırğız sosial mediasında bu sərhəd toqquşmalarına görə Moskvanı günahlandıranlar da az deyil.

Tacikistan prezidenti Emomali Rahmon oktyabrın 4-ü, özünün 70 yaşının tamam olduğu gün Putindən “regional sabitlik və təhlükəsizliyi təmin etməyə görə” mükafat alıb.

Buna da bax: Qırğızıstan KTMT təlimlərinin öz ərazisində keçirilməsindən imtina edib

Qırğızıstan Xarici İşlər Nazirliyinin keçmiş sözçüsü Çingiz Kustebayev “Facebook”da paylaşdığı postda Rahmonun ötən il də sərhəddə qırğız əhalinin itkilər verməsi ilə nəticələnmiş toqquşmadan sonra Putindən mükafat aldığına diqqət çəkib.

Bişkekdəki ATƏT Akademiyasının (OSCE Academy) tədqiqatçısı Ayjan Şarşenova AzadlıqRadiosuna (RFE/RL) deyib ki, Putinin Rahmona verdiyi son mükafat bir çox qırğızlarda Kremlin münaqişədə tərəf tutması təsəvvürü yaradır.

Buna da bax: Tokayev Nazarbayevin qohumlarını yetərincə sıxırmı. Gizli sövdələşmə?

“Sarsılmaz” üzvlük

Baş nazirin müavini Edil Baysalovsa oktyabrın 10-da deyib ki, qırğız ictimaiyyəti Qırğızıstan torpağında tacik qoşunları ilə hərbi təlimləri qəbul etməzdi. Onun bu sözləri təlimlərin ləğvinin ilk rəsmi açıqlaması sayıla bilər.

Bununla yanaşı, Baysalov Qırğızıstanın KTMT-dəki üzvlüyünün "tamamilə sarsılmaz” olduğunu da qeyd edib.

Buna da bax: Kreml Ermənistanı meydanda tək qoyur?

KTMT hələ 1990-cı illərin əvvəllərində Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTM) əsasında yaradılıb. O zaman müqaviləni imzalamış ölkələrdən Azərbaycan, Gürcüstan və Özbəkistan 2002-ci ildə KTMT yaradılanda onun üzvü olmaq istəmədilər.

Özbəkistan 2005-ci ildə bloka qoşulub 7 il sonra yenidən onu tərk etdi. Ötən həftə isə Daşkənd üzvlük məsələsinə yenidən baxmaq niyyətində olmadığını bildirib.

Birliyin tezliklə üzvlərini itirəcəyi haqda söhbətlərdə əsasən Ermənistan və Qazaxıstanın adları çəkilir.

Buna da bax: Azərbaycan-Ermənistan gərginliyinin arxasında nə var? - Qərb eksperti

Qazaxıstanın mövqeyi

Astana yanvarda KTMT-nin birbaşa dəstəyindən yararlansa da, Ukraynada baş verənləri xüsusi həyəcanla izləyir. Zatulin də daxil olmaqla rusiyalı siyasətçilərin səsləndirdiyi hədələr Rusiya ilə 7644 kilometrlik sərhədi olan bu ölkənin təhlükəsizliklə bağlı əndişəsini daha da artırıb. Zatulin və digər rus siyasətçilər Qazaxıstanın bu müharibədə neytral mövqe sərgiləməsinə qəzəblərini gizlətmirlər.

Astana hətta Moskvanın hərbi səfərbərlik elanının ardınca Rusiya sərhədi yaxınlığında öz hərbi təlimlərini keçirdi.

Ancaq Qazaxıstan rəsmiləri də blokda qalmaq niyyətlərini təsdiqləyiblər. Müdafiə naziri Ruslan Jaksılıkov oktyabrın 12-də KTMT-də böhranın olması haqda deyilənləri təkzib edib.

Oktyabrın 13-də Putinin bir sıra ikitərəfli və çoxtərəfli görüşlər üçün Qazaxıstan paytaxtına gedəcəyi gözlənilir. Bu onun oktyabrın 8-də Kerç körpüsünün partladılmasının ardınca Ukraynanın bir çox şəhərlərində mülki hədəfləri bombalamasından sonra ilk xarici səfəridir.

Buna da bax: Paşinyan Əliyevə: 'Ermənistanın elə bir xəritəsini göstərə bilərsinizmi ki...'

KTMT-nin Ermənistandan çıxması...

KTMT-dən narazı qalmağa ən çox səbəbi olansa Ermənistanın Baş naziri Nikol Paşinyandır.

Ermənistan ötən ay Azərbaycanla sərhəd toqquşması zamanı KTMT-ni yardıma çağırsa da, blok bölgəyə fakt yoxlama missiyası göndərməklə kifayətlənib. Bundan sonra Paşinyan ittifaqın içərisindən qəzəbli kütlənin təzyiqi altında bloku tərk etmək ehtimalı haqda suallar alıb.

"Mən dedim əksinə, KTMT-nin Ermənistandan çıxa biləcəyi ilə bağlı qorxu var”, – Paşinyan sentyabrın 30-da Ermənistanın ictimai televiziyasına müsahibəsində deyib.

Buna da bax: 2027-dək Ermənistan və Gürcüstan Azərbaycandan daha çox böyüyəcək?

Erməni təhlükəsizlik təhlilçisi Leonid Nersisyan AzadlıqRadiosuna deyib ki, Yerevanın “belə bir qərarın mənfi nəticələrini balanslaşdırmaq üçün real alternativ olmadan” Moskvanın təhlükəsizlik çətirindən imtina etməsi ehtimalı yoxdur.

O deyib ki, bu nəticələrdən biri Azərbaycanla Türkiyənin “tammiqyaslı müdaxiləsi” ola bilər. Rusiyanın özünün də bu hərəkətə görə Ermənistandan qisas alması istisna olunmur.

"Rusiya Ermənistana kömək etmir. Ancaq Yerevan KTMT-ni tərk edərsə, Rusiya ona çox ziyan vura bilər”, – Nersisyan deyir.