İsrail HƏMAS liderinin qətlinə görə məsuliyyət daşımadığını deyir

Beyrutda HƏMAS ofisini hədəf alan İsrailin hücumu

İsrail hökuməti bildirir ki, Beyrutda HƏMAS radikal qruplaşması liderinin qətlinə görə məsuliyyət daşımır. Ancaq Baş nazir Binyamin Netanyahunun aparıcı müşaviri bu hərəkəti alqışlayıb. Təhlükəsizlik müşaviri Mark Reqev ABŞ-ın MSNBC televiziyasına deyib ki, iddia olunan hücumun "Hizbullah"ı deyil, məhz HƏMAS-ı hədəfə almasına inanır.

HƏMAS-ı ABŞ və Aİ terrorçu təşkilat saysa da, "Hizbullah" yalnız ABŞ tərəfindən terrorçu kimi tanınır.

Livanda HƏMAS liderinin müavini öldürülüb

Beyruta zərbədə HƏMAS radikal qruplaşmasının liderinin müavini həlak olandan sonra İsrail ordusu bildirib ki, istənilən ssenariyə hazırdır. Bu hadisə Qəzza zolağındakı müharibənin daha geniş regional münaqişəyə çevrilə biləcəyi ilə bağlı qorxuları artırıb.

Livanda yüksək səviyyəli təhlükəsizlik rəsmisi "France-Presse"ə deyib ki, Saleh Əl-Aruri mühafizəçiləri ilə birlikdə İsrailin zərbəsindən həlak olub.

ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS oktyabrın 7-də İsrailə hücum edərək min 200 nəfəri qətlə yetirib, 240 nəfəri girov götürüb. Onların 129 nəfəri hələ də girovluqdadır. Bundan sonra İsrail Qəzza zolağını bombalamağa başlayıb, bu radikal qruplaşmanı məhv edəcəyinə and içib.

"HƏMAS TV" də İsrailin Livanda Arurini öldürdüyünü bildirib.

İsrail ordusunun sözçüsü Daniel Haqari bu qətli birbaşa şərh etməsə də deyib ki, "ordu bütün arenalarda, müdafiə və hücumda yüksək hazırlıq vəziyyətindədir. Biz istənilən ssenariyə hazırıq".

Saleh Əl-Aruri

Aruri kim idi

İsrail əvvəllər də Qəzzada HƏMAS komandirləri və rəsmilərinin öldürüldüyünü elan edib. Ancaq Aruri indiyədək öldürülən ən yüksək rütbəli fiqurdur, üstəlik, o, Qəzza əməliyyatları başlanandan Livan paytaxtına ilk zərbədə qətlə yetirilib.

HƏMAS bildirib ki, Arurinin ölümü onu məğlubiyyətə aparmayacaq. Onun Livanda mənzillənən müttəfiqi "Hizbullah" isə bu qətlin cəzasız qalmayacağını deyib, onu "Livana ciddi hücum... və təhlükəli inkişaf" adlandırıb.

Livanın baş naziri Nəcib Mikati qətli pisləyərək deyib ki, məqsəd Livanı müharibəyə cəlb etməkdir.

İsrail mühacirətdə yaşayan Arurini saysız hücumların təşkilində ittiham edirdi.

İsrailin Qəzzanı bombalaması və quru əməliyyatlarında azı 22 min nəfərin həlak olduğu bildirilir.